
ABŞ Silahlı Qüvvələri 2026-cı ilin sentyabrından etibarən ucuz qanadlı raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Baş Qərargahının rəisi Kennet Uilsbek Senatda keçirilən dinləmələrdə məlumat verib.
Onun sözlərinə görə, FAMM proqramı çərçivəsində hazırlanan raketlər artıq istehsal mərhələsinə yaxınlaşır. K.Uilsbek bildirib ki, həm "Tomahawk", həm də "AGM-158 JASSM" kimi ənənəvi sistemlərlə müqayisədə daha ucuz raketlərin kütləvi istehsalı ordunun döyüş qabiliyyətini artırmaq üçün vacibdir.
O qeyd edib ki, son illərdə Yaxın Şərq və Avropadakı münaqişələr böyük həcmdə silah istehsalı və ehtiyatların sürətli bərpasının strateji üstünlük yaratdığını göstərir.
Konqres üzvü Pat Rayan isə bildirib ki, müharibə dövründə ABŞ-nin böyük həcmdə raket istifadə etməsi mövcud arsenalın sürətlə tükənməsi riskini artırır və mövcud istehsal tempi bu boşluğu uzun illər ərzində doldura bilmir.