Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev vətənə qayıdıb.
LiderXəbər.az xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda mədəniyyət xadimləri, jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Anar Ağayev müsabiqənin finalına yüksələn 13 iştirakçıdan biri olub.
Ümumilikdə 7 000-dən çox müraciət daxil olub. Yarımfinalda Azərbaycan, Ermənistan, Belarus, Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Nigeriya, Özbəkistan, Estoniya və Rusiyadan 60-dan çox ifaçı çıxış edib.
Yarımfinalçılar musiqi müsabiqəsində iştirak edərkən öz ölkələrinin hitlərini və müəllif mahnılarını təqdim ediblər. Bu il münsiflər heyətinin üzvləri həmçinin Braziliya, Gürcüstan, İtaliya, İordaniya, Çin, Latviya və Maltadan müsabiqədə iştirak etmək üçün müraciət edənlərin onlayn ərizələrini böyük ekranda dinləyiblər.
Yarımfinal münsiflər heyətinə müsabiqənin direktoru Aleksandr Revzin, müsabiqənin musiqi prodüseri Anastasiya Muxina və münsiflər heyətinin sədri, Rusiyanın xalq artisti, bəstəkar və prodüser İqor Krutoy daxil idi.
Müsabiqənin finalı avqustun 22-dən 27-dək Soçidə “Yeni dalğa” zalının səhnəsində baş tutacaq.
Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli müsabiqəsinin qalibidir.