
"ABŞ və İran arasında münaqişənin yenidən başlaması tərəflər arasında əldə olunmuş atəşkəs memorandumunun faktiki olaraq qüvvədən düşməsi kimi qiymətləndirilə bilər".
Bu fikirləri Liderxeber.az-a ABŞ-İran münaqişəsinin yenidən alovlanmasını şərh edərkən siyasi şərhçi Zaur İbrahimli deyib.
O xatırladıb ki, daha əvvəllər də oxşar insidentlər baş verirdi:
"Donald Trampın açıqlamaları göstərir ki, İranla danışıqlar yolu ilə nəticə əldə etmək yanaşması dəyişməyə başlayıb. Eyni zamanda, İran tərəfindən də oxşar ittihamlar səslənir. Bir müddət əvvəl İranda ABŞ ilə danışıqların və əldə olunan razılaşmaların ölkənin milli maraqlarına nə dərəcədə zidd olduğu müzakirə edilirdi. İranın mühafizəkar qanadının bu razılaşmaya qarşı çıxdığına dair məlumatlar yayılmışdı. Həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirməsi mübahisəli olsa da, ölkə daxilində fikir ayrılıqlarının mövcud olduğunu göstərirdi.
Bununla yanaşı, hər iki tərəfin genişmiqyaslı müharibəyə başlamağı üçün strateji məhdudiyyətlər var. Son münaqişədə ABŞ havadan endirilən zərbələrlə məqsədlərinə tam nail ola bilməyəcəyini anladı. Digər tərəfdən, Hörmüz boğazının yenidən bağlanması Vaşinqtonun nüfuzuna ciddi zərbə vura və qlobal iqtisadi vəziyyəti daha da ağırlaşdıra bilər. ABŞ-nin müttəfiqləri də enerjidaşıyıcılarının bahalaşmasından narahatdırlar. Həmçinin payızda Konqresə aralıq seçkilər keçiriləcək və Trampa ictimai rəğbətin dəyişməsi fonunda Vaşinqton üçün yenidən geniş hərbi əməliyyatlara başlamaq da asan görünmür. Məhz buna görə Tramp NATO sammitində danışıqların davam etdiyini, lakin nəticəyə inanmadığını bəyan etdi".
Ekspertin sözlərinə görə, ABŞ nümayəndə heyəti İrana təzyiqləri artırsa da, danışıqlar qapısını tam bağlamayıb:

"İrandan da bu istiqamətdə açıqlamalar gəlməkdədir. Tərəflər bir-birinə etibar etməsələr də, danışıq kanalları hələ açıq qalır. Gözləmək olar ki, qarşıdakı mərhələdə vasitəçilər daha çox ön plana çıxacaqlar. Burada Pakistan və Türkiyəni xüsusilə qeyd etmək olar. Düşünürəm ki, Ankara və İslamabad tərəfləri yenidən danışıqlar masası arxasında toplamağa çalışacaqlar.
Lakin əvvəlki dövrlə müqayisədə imkanlar xeyli daralıb. İran öz yanaşmasını ciddi şəkildə dəyişməsə də, ABŞ strategiyasını dəyişəcək. Vaşinqton yenidən dəniz blokadası və dəqiq zərbələr taktikasına üstünlük verə bilər. Eyni zamanda, İsrailə tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması və İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi ehtimalı yüksəkdir. Tramp üçün mövcud vəziyyətin uzanması bəzən yeni müharibəyə başlamaqdan daha riskli görünür. Çünki belə bir təsəvvür yaranır ki, Tramp İran tərəfindən aldadılır. Bu isə beynəlxalq miqyasda ABŞ-nin zəif və qərarsız görünməsinə səbəb ola bilər. İran isə hesab edir ki, Trampın manevr imkanları məhduddur və Vaşinqtonun daxili iqtisadi və siyasi vəziyyəti sözügedən ölkəni danışıqlara məcbur edəcək".
Z.İbrahimli vurğulayıb ki, proseslər bu istiqamətdə davam edərsə, Trampın daha sərt qərarlar verməsi mümkündür:

"Hiss olunur ki, Dövlət Departamenti komandası və Ağ Ev hərbi əməliyyatlara başlamazdan əvvəl vəziyyəti siyasi yollarla həll etməyə və prezidenti də bu yanaşmaya inandırmağa çalışırlar. Eyni zamanda, NATO-nun mövqeyinin də dəyişdiyi müşahidə olunur. Alyansın məsələyə daha ciddi yanaşması gələcəkdə İrana münasibətin sərtləşməsinə gətirib çıxara bilər. Bu, Tehran üçün ən pis ssenarilərdən biri hesab olunacaq. İranın daxili iqtisadi resursları da məhduddur və bu, uzunmüddətli qarşıdurma aparmaq imkanlarını zəiflədir. Hazırda top İranın meydanındadır. Tehran mövqeyini dəyişməsə, üzərindəki təzyiq daha da artacaq. İran danışıqlara qayıtmadığı təqdirdə isə ona qarşı yeni koalisiyanın formalaşması və körfəz ölkələrinin də bu prosesə qoşulması ehtimalı istisna edilmir".