2025-ci ildə Buxarestdə Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqquzuncu iclasının keçirilməsi planlaşdırılır.
Bu barədə Liderxeber.az-a Rumıniyanın Energetika Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd ediblər ki, Hökumətlərarası Komissiyanın Rumıniya tərəfdən həmsədri energetika naziri Sebastyan-İoann Burdujadır.
"Komissiyanın 2025-ci ildə keçiriləcək növbəti iclasının dəqiq tarixi iki ölkə arasında razılaşdırıldıqdan sonra müəyyən ediləcək", - nazirlikdən bildirilib.
Nazirlikdə Rumıniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqla bağlı qeyd olunub ki, hazırda "Qara dəniz sualtı kabeli" (“Black Sea Energy”) layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) yekun variantı üzərində iş davam edir.
"TİƏ üzərində iş hələ başa çatmayıb, hazırda yalnız ilkin nəticələr var. Layihə hələ də formalaşma mərhələsindədir və onun həyata keçirilməsi üçün baxış və planın olmasına baxmayaraq, bu, müəyyən vaxt tələb edən prosesdir. Buna görə də bütün tərəflər TİƏ-nin nəticələri əsasında bu layihənin ən səmərəli konsepsiyasını hazırlamaq üçün səy göstərirlər", - nazirlikdən bildirilib.
Həmçinin vurğulanıb ki, Moldova, Serbiya və Bolqarıstan kimi bir sıra ölkələr "Black Sea Energy"yə qoşulmaqda maraqlı olduğunu bildirib.
"Eyni zamanda, Bolqarıstan Qara dəniz enerji kabeli layihəsinin müzakirəsi ilə bağlı nazirlərin bir sıra görüşlərində təmsil olunub. Bütün bu cür müraciətlər nəzərdən keçiriləcək və üzv iştirakçılar tərəfindən təsdiqlənə bilər", - nazirlikdən qeyd ediblər.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1 195 km-dir. 2023-cü ilin iyun ayında Bolqarıstanın layihəyə layihəyə qoşulmaq niyyətində olduğu elan edilib.
2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy”nin reallaşdırılması çərçivəsində birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları - "Azərenerji" ASC, “Transelectrica SA”, "Gürcüstan Dövlət Elektrosistemi" və MVM arasında bu layihənin həyata keçirilməsi ilə məşğul olacaq “Green Energy Corridor” birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.
"Qara dəniz enerji kabeli"nin inşası 3,5 milyard avro dəyərində qiymətləndirilir və tikinti işləri 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro vəsait ayırmağı planlaşdırır.