Pekin Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Bakıdadır

06 noy 2023, 11:14
Pekin Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Bakıdadır

Çin Xalq Respublikasının paytaxtı Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiyaminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

LiderXəbər xəbər verir ki, səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində Pekin şəhərinin nümayəndə heyəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilib. Görüşdə qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onlara Bakının tarixi, şəhərdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində paytaxtin infrastrukturu keyfiyyəti yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq-quruculuq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov xüsusilə vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxta daim qayğı göstərir və bunun sayəsində şəhərin tarixi irsini qorunmaqla yanaşı, müasir memarlıq da inkişaf edir.

Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiamin bildirib ki, Bakı ilə Pekin arasında münasibətlər günbəgün genişlənir və Azərbaycanla əlaqələr onun ölkəsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Qonaq Bakıda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan özünəməxsusluğu ilə seçilir. Bu səfərin Bakı və Pekin şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağına əmin olduğunu bildirən Zhang Jiaming vurğulayıb ki, Bakı öz təmizliyi, baxımlı şəraiti və yaşıllıqları ilə xüsusilə diqqəti cəlb edir: "Biz şəhərin xidmət səviyyəsinə heyranıq".

Görüşdə iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq planları müzakirə olunub. Daha sonra çinli qonaqlar Bakının görməli yerləri ilə tanış olublar.