Jalə Əhmədova: “8 noyabr müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir”

08 noy 2023, 18:49
Jalə Əhmədova: “8 noyabr müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir”

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Ali Baş Komandanımız, Prezident İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi barədə xalqımıza verdiyi möhtəşəm xəbərini xatırlayarkən, o günün həyəcanını yenidən yaşayırıq.

Qarabağın incisi olan Şuşa şəhərinin işğaldan azad edilməsi hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin fədakar igidlərinin əlçatmaz və alınmaz qalanın sıldırım qayalıqlarını dırmaşaraq, yüngül silah-sursatla Şuşanı işğaldan azad etməsi bir daha göstərdi ki, Azərbaycanın qüdrətli və peşəkar ordusu var. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də erməni mifini məhv etdi. 1992-ci ilin 8 may tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən məhz 8 noyabr tarixində azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi.

30 il ərzində aparılan danışıqlar və sülh yolu ilə həll edilməyən münaqişənin hərb yolu ilə həll ediləcəyinə inanmayan dünya dövlətləri Azərbaycanın möhtəşəm qələbəsinin şahidi oldular. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə bütün dünyaya öz gücünü nümayiş etdirdi.

 Müzəffər Ali Baş Komandanımızın yüksək diplomatik səriştəsi, qətiyyətli və sarsılmaz iradəsi, şanlı Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılmış bu Tarixi Zəfər, Azərbaycanı bütün dünyada qalib ölkə kimi tanıtdı.

 Azərbaycan Prezidentinin rəhbərliyi altında bizə Zəfər qazandıran qəhrəman əsgər və zabitlərimiz xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifəni yazdılar. Tərəddüd etmədən Vətən naminə savaşa qatılan igid oğullarımız addım-addım irəliləyərək Vətənə sonsuz sevgi hissi ilə torpaqlarımızı işğaldan qarış-qarış azad etdilər, öz canları və qanları bahasına düşmən üzərində tarixi Zəfər çaldılar.

Şuşaya bayrağımızın sancıldığı 8 noyabr günü - Azərbaycan tarixinə əbədi olaraq Zəfər Günü kimi həkk olundu.

Cari ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz suverenliyini bərpa etdi. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaldıldı. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciətində verdiyi sözə əməl edərək Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli maraqlarını ən yüksək səviyyədə müdafiə etdi və ərazi bütövlüyümüzü qorudu.

Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Zəfər bayramımız mübarək olsun!

Jalə Əhmədova

Milli Məclisin deputatı