Son Xəbərlər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
Prezident İlham Əliyev Tofiq Fuad oğlu Musayevin Azərbaycan Respublikasının
Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının
Türkiyə lirəsi ABŞ dolları qarşısında antirekordunu yeniləyib. Liderxeber.az
Hər il olduğu kimi 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli
banner

Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"

20 dek 2024, 14:40
Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Müsahibədə diqqətçəkən məqamlardan biri də ölkə başçısının bugünkü dünya reallıqlarına toxunmasıdır. Dövlət başçısı bildirib ki, hadisələrin inkişafı dünyanın əsaslı şəkildə dəyişdiyini sübut edir və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər:

"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz".

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Qərbin aparıcı coğrafiyası olan Avropanın təhlükəsizliyi üçün yeni hədələr formalaşmağa başlamışdı. Xüsusilə postsovet ölkələrində, ələlxüsus da 2008-ci və 2014-cü illərdə Ukraynada gedən proseslərə yetərincə diqqət ayrılmaması beynəlxalq hüququn çox zaman işlək olmaması faktını ortaya qoydu. Ukraynadan əvvəl isə bunun ən böyük nümunəsi Azərbaycanla bağlı oldu. 30 il torpaqlarımız işğal altında oldu, amma heç vaxt beynəlxalq ictimaiyyətdən lehimizə müsbət reaksiya verilmədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxması ilə bağlı qətnamələri isə sadəcə, sənəd üzərində qaldı və nəhayət Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad etdi. Bu proseslər bütün dünyada gücün daha vacib və legitim olması reallığını bir daha sübut etdi. Bu proseslər Cənubi Qafqazla yanaşı, digər postsovet ölkələrində, eləcə də Yaxın Şərqdə, həmçinin Mərkəzi Asiyada eyni tərzdə irəliləyir. Həmin regionlarda gedən proseslərə beynəlxalq hüquqla rəy verilmir deyə məcburən gücə üstünlük verilir. Bu proseslər də ənənəvi-köhnə dünyanın sıradan çıxması, yeni dünyanın formalaşmasına doğru irəliləyir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin hər zaman xarici televiziyalara və yaxud da digər media vasitələrinə verdiyi müsahibələr regionda və dünyada böyük əks-sədə doğurur:

"Prezidentin müsahibəsində xüsusi vurğulanan məqamlardan biri - hazırkı beynəlxalq təhlükəsizlik sisteminin vəziyyəti ilə bağlı verdiyi açıqlamalardır. Bu açıqlamalar təxminən 80-90 illik böyük bir dövrü qiymətləndirməyə, makrozaman çərçivəsindəki prosesləri incələməyə imkan verir. Söhbət ilk növbədə ondan gedir ki, İkinci Dünya müharibəsindən sonra həqiqətən də BMT-nin yaranması və ondan sonrakı ikiqütblü dünya sistemi 1990-cı illərə qədər fərqli bir durum yaratdı və güc nisbətləri arasındakı soyuq müharibə dövrü olaraq xarakterizə edildi. SSRİ adlı nəhəng imperiya formalaşmışdı və o, müharibənin qalibi idi.

Beynəlxalq təhlükəsizlik sistemi də özünü formalaşdırmaqla bağlı haqlı olduğunu sübuta yetirmək istəyirdi. Ona görə də BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü meydana çıxdı və onlar qlobal arxitekturanı müəyyənləşdirdiklərini söylədilər. Digər qütbdə isə Qərb sistemlərinə rəhbərlik edən və sonrakı dövrdə NATO-nu quran Amerika Birləşmiş Ştatları idi. NATO və Varşava Paktı kimi bu sistemlər arasında da hərbi-siyasi qarşıdurmalar 1980-90-cı illərə qədər davam etdi. Ancaq ABŞ və onun müttəfiqləri bu triumfdan "NATO-nun dağılması hədəfi artıq yoxdursa, savaşacağımız qüvvə də mövcud deyilsə, biz də bu silahlanmaları durduraq" kimi bir siyasətə keçmədilər, tam əksinə, sıralarını genişləndirmək mövqeyi tutdular. Bu baxımdan, 2007-ci il Münhen sammitində Vladimir Putin dilə gəldi ki, dünyanın SSRİ-dən sonrakı bölgüsü onları qane etmir və yeni bölgü lazımdır. Bu da Ukraynanın savaş meydanına çevrilməsi ilə nəticələndi".

"Faktiki olaraq, bu, iki dövlət arasındakı müharibə deyil, qlobal qarşıdurmadır və ona görə də ölkə rəhbəri bildirdi ki, NATO əməliyyatlar və coğrafiya baxımından savaşın tərəflərindən birinə çevrilsə, bu, apokaliptik hadisələr kimi yadda qalacaq və qalib olmayacaq. Yəni həqiqətən, beynəlxalq təhlükəsizlik sistemi çöküb. Söhbət ondan gedir ki, indi NATO-nun bütün təlimləri uzun illər neytrallığını qoruyub-saxlayan Finlandiyadan, İsveçdən tutmuş Baltikyanı ölkələrə qədər üç-dörd qat artmaqdadır.

Beynəlxalq hərbi imkanları və büdcələri qiymətləndirilən təşkilatların qiymətləndirmələrinə görə, son iki ildə dünya çapında müdafiə xərcləri 300 milyard dollara yaxın artıb və indi qida sənayesini üstələyən hərbi texnoloji silahlanma xərcləri var. Belə demək mümkünsə, güllələrin istehsalı çörək istehsalını qabaqlayıb. Belə olan şəraitdə Prezident tərəfindən Qarabağ Zəfərimiz, torpaq bütövlüyümüz və suverenliyimizin bərpasına nail olmaq fonunda, tarixdə ilk dəfə yeni arxitektura qurulacaq. Prezident İlham Əliyev məhz buna işarə edir ki, Azərbaycan, tarixində ilk dəfə olaraq, müasir dünyanın yenidən bölüşdürülməsi prosesində aktiv iştirak edir, tamhüquqlu üzvdür və taleyimiz başqa masalarda həll edilmir. Ona görə də Ermənistanla bağlı məsələlərə də yer verilərkən ancaq əsas məqamlar kimi ölkə rəhbəri məhz bu beynəlxalq çağırışları qiymətləndirir", - deyə deputat diqqətə çatdırıb.

Müsahibimizin sözlərinə görə, ötən illər ərzində şahid olmuşuq ki, Bakı, həqiqətən, NATO ilə Rusiya, ABŞ ilə Rusiya arasındakı danışıqlar meydanına çevrilib.

"Paytaxtımız sülh və beynəlxalq diplomatiya üçün mərkəzə çevrilib. Belə olan halda, bu diplomatik paytaxtın Ukrayna savaşında bir daha əsas vasitəçi olması və Prezidentin elə qlobal iqlim zirvəsi COP29-da bəyan etdiyi atəşkəs çağırışları üçün yararlı ola bilər. Bundan sonrakı dövrdə, həqiqətən, yeni dünya quruculuğunun şahidi olacağıq. Azərbaycan öz taleyinin sahibidir, müstəqil bir dövlət kimi qərarlar verir. Biz kiminsə forpostu deyilik, nə Qərbdən Asiya qitəsi əleyhinə, nə İran və yaxud Rusiyanın ziddinə savaşın meydanına çevrilmək istəyirik. Yaxud da Şimal və Cənub qonşularımızla birləşib, üçüncü dövlətlərə qarşı savaşmırıq. Bu, özlüyündə çox çətin olan, amma Prezident İlham Əliyevin strateji gücü ilə reallaşan bir siyasətdir. Düşünürəm ki, bu, millətimizin təhlükəsizliyini qoruyan hadisədir və tariximizdəki ən böyük qələbəni böyük qayıdışa çevirməklə beynəlxalq siyasətdə fəal iştirak etməliyik. Biz coğrafi olaraq böyümüşük, indi siyasi böyümə mərhələsidir və beynəlxalq təhlükəsizlik sistemində aparıcı mövqe tutmaq üçün mütləq bundan sonrakı hədəfdə fəal diplomatiyamız tələb olunur. Ona görə də ölkə rəhbərinin açıqlaması cəmiyyətimizi də, siyasi institutları da bu tendensiyaların dinamikası ilə tanış etməkdir", - millət vəkili fikrini yekunlaşdırıb.