2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Faiq Xudayevin YAP Abşeron rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev partiyanın namizədi ilə görüşə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Faiq Xudayev isə ilk olaraq göstərilən etimada görə partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və parlament seçkilərinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Bilman Vəliyev və Məhəmməd Nəcəfli ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Çıxışçılar seçiciləri sentyabrın 1-də məntəqələrə gələrək YAP-ın namizədi Faiq Xudayevə səs verməyə çağırıblar.