Naxçıvanın "yaşıl enerji" konsepsiyası yaxın həftələrdə hazır olacaq.
Liderxeber.az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə Keçid” mövzusunda beynəlxalq elmi konfransda bildirib.
“Naxçıvan-Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına start verilib və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı ilə bağlı model hazırlanır. Texniki-iqtisadi əsaslandırma da ikinci variant kimi yalnız Naxçıvan deyil, həm də Cəbrayıl enerji qovşağının Naxçıvana və Türkiyəyə birləşdirilməsi ssenarisi nəzərdən keçirilir”, - O. Zeynalov bildirib.
Nazir müavini əlavə edib ki, yeni enerji layihələri ilə yanaşı, milli şəbəkənin gücləndirilməsi və sabitliyinin təmin edilməsi üçün ciddi addımlar atılır: “2027-ci ilə qədər 2 giqavat bərpaolunan enerji gücü milli elektrik şəbəkəsinə inteqrasiya ediləcək. 2030-cu ilə qədər isə əlavə 7 giqavat güc nəzərdə tutulur ki, bunun 15 giqavatı Avropaya ixrac olunacaq. Həmçinin, 4 giqavat Xəzər-Qara Dəniz Dəhlizi, 1 giqavat isə Naxçıvan-Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizi vasitəsilə ixrac ediləcək”.