“Tənha anaların sosial inkişafına dəstək” layihəsi uğurla başa çatıb

20 avq 2023, 11:45
“Tənha anaların sosial inkişafına dəstək” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyi, “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin yaratdığı koalisiyasının təşəbbüsü ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək” layihəsi uğurla başa çatıb.
İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyindən  verilən məlumata görə, layihə çərçivəsində Şamaxı rayonunda yaşayan 30 tənha qadın üçün müxtəlif fərdi və qrup psixoloji seanslar, onların cəmiyyətə, real iş mühitinə inteqrasiyasını sürətləndirən təlimlər, sosial rifahlarının stabilləşdirilməsi və gələcək karyera imkanlarının dəyərləndirilməsi istiqamətində işgüzar görüşlər təşkil olunub.
Bildirilib ki, layihənin sonunda iştirakçı qadınlardan 3 nəfəri daimi iş imkanı əldə edib. Digər iştirakçılar isə layihənin əməkdaşlıq etdiyi qurumlar tərəfindən məşğulluq imkanlarının artırılması istiqamətində təlimlərə cəlb edilib, yaxın zamanlarda əldə edəcəkləri aktivlər vasitəsilə istehsal edəcəkləri məhsulları yaradılacaq “Sosial bazarda” satışa çıxaracaqlar.
Layihənin paralel keçirilən fazasında gənclər şəxsi inkişaf və gələcək karyeralarında onlar üçün faydalı olacaq təlimlərdə iştirak ediblər. Belə ki, gənclər üçün təlimlərlə yanaşı, sosial inkişaflarının artması istiqamətində Safari parkına, müxtəlif muzeylərə, komplekslərə info-turlar təşkil edilib. Bununla yanaşı, gənclər yaradıcılıq mərkəzləri ilə yaxından tanış olublar, layihə iştirakçıları yaradıcılıq mərkəzlərində müxtəlif istiqamətlər üzrə klublarda fəaliyyətlərə başlayıblar.
Qeyd edək ki, “Tənha anaların sosial inkişafına dəstək” layihəsinin əsas məqsədi Şamaxı rayonunda yaşayan, ailə dəstəyindən məhrum olan, həyat yoldaşı ilə birgə yaşamayan və övlad sahibi olan qadınların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması, psixoloji dəstəyin göstərilməsi, tənha qadınların məşğulluğunun təmin edilməsi onların cəmiyyətə adaptasiyasının sürətləndirilməsi, həmçinin onların yeniyetmə övladlarının fərdi inkişafı və düzgün təhsil imkanlarını artırmaqdır.
Layihə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi sosial sahibkarlığın inkişafına dəstək proqramları çərçivəsində davam etdiriləcək.