Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirib.
LiderXəbər xəbər verir ki, Vüqar Bayramov son bir həftə ərzində xaricdə səfərdə olduğu üçün qardaşının həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanının olmadığını deyib:
“Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.
İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm.
Allah bütün məhbusların qapısını açsın”.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay 26 gün müddətinə həbs qərarı çıxarılıb.
Onun qardaşı, millət vəkili Vüqar Bayramovun geridə qalan müddət ərzində bu hadisəyə reaksiya verməməsi tənqid edilirdi.