Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Prezident “ŞƏT plyus” formatında görüşdə - Fotolar - Yenilənib

01 sen 2025, 16:18
Prezident “ŞƏT plyus” formatında görüşdə - Fotolar - Yenilənib

Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

***

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.

İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.

Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.

Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.

Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.

Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.

Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.

Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.

***

Qeyd edək ki, “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.

ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.