Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Heydər Əliyev İli” elan edilməsi Sərəncamına uyğun olaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi Neftçala rayonunda geniş formada qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər, Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçiriblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov hər zaman qəlbi vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və Azərbaycanımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından, qardaş mühabribəsindən yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin həyatından, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və Neftçala rayonunun inkişafına verdiyi töhfələrdən danışıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən video- çarx nümayiş olunub.