Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Mehriban Əliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

10 may 2023, 10:00
Mehriban Əliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.

Liderxəbər paylaşımı təqdim edir.

Heydər Əliyevin nurlu xatirəsinə

10.05.2023. Şuşa.

Əsrarəngiz və bənzərsiz Şuşa.

Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir.

Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma özünəməxsus, doğma görkəmini qoruyub saxlamış dağıntılar.

Ətrafda biçilməmiş sıx otlar. Bəzi yerlərdə al lalələr baş qaldırıb.

Şuşanın sədasını necə təsvir etmək olar? Bəzən bu, tam, lal sükutdur. Quşların səsi, yarpaqların pıçıltısı şəhərin nəfəsidir.

Gəzmək, küçə və döngələr boyu dolanmaq, ağaclara toxunmaq, qədim daşlara sığal çəkərək ovcunla güllələrin izini silmək istəyirsən.

Cıdır düzündə vaxtın necə keçdiyini hiss etmirsən. Ətrafda ancaq ucsuz-bucaqsız dağlar və mavi səma görünür. Otun üzərində uzanasan və bəxtin gətirsə, qartalların səssiz uçuşunu - sanki yavaşıdılmış çəkilişdəki kimi onların nəhənq qanad çalmağını seyr edəsən.

Sehrli Şuşa şəhərində qəlbində olan hisslərini təsvir etmək üçün sözləri necə seçəsən? Fikirlər məni keçmişə aparır...

Ölkə uçurum kənarındadır, işğal olunmuş torpaqlar, xəyanətin qurbanı olmuş Şuşa.

Köçkünlər, köçkünlər, yüz minlərlə köçkün...

Çaşqınlıq, bəla və sonsuz ağrı-acılar. Bax, belə bir vaxtda - 1993-cü ilin payızında Siz –yaşlı,ağır xəstəlik keçirmiş İnsan Azərbaycana rəhbərlik etməyə başladınız. Sanki Siz və ölkə eyni zamanda xəstəliyə düçar olmuşdunuz. Sanki itkilərin, ədalətsizliyin şiddətli ağrısı Sizi yenidən xalqa, xalqı isə Sizə qaytardı.

Sonrası Uca Tanrı tərəfindən yazılmışdır. Sonra bizi ecazkar Şuşa şəhərinə uzun yol gözləyirdi.

Sonra sağalma, dirçəliş, qurub-yaratma. Qürurumuzu özümüzə qaytarma. Zəfər qazanıldı!

Uca Tanrının yazısı Sizin müdrikliyiniz, sarsılmaz, möhkəm iradəniz, Vətəninizə, bizim hər birimizə sonsuz sevginiz sayəsində gerçək oldu.

Gözlərimin önündə sevincli, işıqlı, həyəcanlı xatirələr canlanır. Bu xatirələr mənimlədir, mənimlə olacaq.

Sizin gözləriniz, təbəssümünüz, gülüşünüz və göz yaşlarınız. Danışdığınız əhvalatlar, verdiyiniz məsləhətlər, heç də asan olmayan suallara cavablarınız. Bağışlamaq, sevmək bacarığınız.

Sizin əyilməzliyiniz, iradəniz, öz xalqınıza inamınız – bütün bunlar əbədi olaraq bizimlədir.

Orada - uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz.

Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır.

Sizə sonsuz ehtiramla.