
Füzuli Dövlət Dram Teatrı XXXVI teatr mövsümünü Failə Nəbiyevanın "Bu gün ölmək qadağandır" tamaşası ilə uğurla başa vurdu.
Liderxeber.az xəbər verir ki, mövsümün bağlanış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülkər Bayramlı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Füzuli Rayon Komitəsinin sədri Anar Ağayev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon üzrə nümayəndəsi Elşad Cəfərov, rayon ziyalıları, mədəniyyət işçiləri və çoxsaylı teatrsevərlər iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək XXXVI mövsüm ərzində həyata keçirilən yaradıcılıq fəaliyyətindən, kollektivin qazandığı uğurlardan və qarşıya qoyulan məqsədlərdən danışdı. O bildirdi ki, teatr kollektivi Azərbaycan mədəniyyətinin inkişafına töhfə vermək, milli teatr sənətini yaşatmaq və zənginləşdirmək naminə bütün mövsüm ərzində böyük əzmkarlıq və məsuliyyətlə çalışıb. Azər Abbasov qarşıdan gələn mövsümdə də tamaşaçıları yeni və maraqlı səhnə əsərləri ilə sevindirəcəklərini vurğuladı.
Çıxışdan sonra teatrın XXXVI mövsümdəki fəaliyyətini, səhnəyə qoyulan tamaşaları, keçirilən tədbirləri və əldə olunan uğurları əks etdirən videoçarx nümayiş etdirildi.
Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülkər Bayramlı çıxışında Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, incəsənət xadimlərinə və teatr sənətinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etdi. O qeyd etdi ki, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ülkər Bayramlı teatr kollektivini uğurlu mövsüm münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı.
Teatrın yaradıcı şöbəsinin müdiri Nicat Mirzəzadə çıxışında teatrın XXXVI mövsümdə həyata keçirdiyi yaradıcılıq fəaliyyətinə nəzər saldı, Füzuli Dövlət Dram Teatrının keçdiyi keşməkeşli inkişaf yolundan danışdı. O vurğuladı ki, bütün çətinliklərə baxmayaraq teatr bu gün də öz missiyasını uğurla davam etdirir və kollektiv milli teatr sənətini yaşatmaq, inkişaf etdirmək üçün bundan sonra da eyni əzmkarlıqla fəaliyyət göstərəcək.
Rəsmi hissədən sonra mövsümün son tamaşası – Failə Nəbiyevanın "Bu gün ölmək qadağandır" əsəri əsasında hazırlanmış səhnə işi tamaşaçılara təqdim olundu.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.
Səhnə əsərində rolları İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Vüqar Babayev, Gülgəz Soltanova, Asif Şirinov, Günay Çobanzadə, Sahilə Abbasova, Vüsal Həsənov və Elçin Məmmədov böyük peşəkarlıqla ifa etdilər.
Tamaşa teatrsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı, alqış sədaları altında başa çatdı. Tamaşaçılar aktyorların yüksək sənətkarlığını və tamaşanın ideya-bədii həllini yüksək qiymətləndirərək yaradıcı heyətə minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yeni – XXXVII teatr mövsümünü Vilyam Şekspirin "Maqbet" tamaşası ilə açmağı planlaşdırır.











