Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

16 iyn 2023, 12:29
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı  ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. Ulu öndərimiz bütün ömrünü, mübarizəsini, bir sözlə, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli liderimizin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur. 

Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi. Hamıya məlumdur ki, məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri - şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Ulu öndərin böyük şəxsiyyətlərimizin yubileyləri ilə bağlı verdiyi sərəncamlar və bu sərəncamlardan irəli gələrək görülən işlər, hər imzanın ətrafında böyük bir hərəkat başlatması böyük anlam daşıyırdı. Məsələn, “Dədə Qorqud” dastanının 1300 illiiyinin keçirilməsi ilə bağlı Heydər Əliyevin imzaladığı Sərəncam ən unudulmazlar sırasındadır. Eyni zamanda Məhəmməd Füzulinin 500 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F.Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri bilavasitə ulu öndərimizin təşəbbüsü və təşkilatçılıq məharəti sayəsində həyata keçirilmişdir. Nəsiminin Bakıdakı heykəli, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Hüseyn Cavidin xatirəsinə ucaldılan xatirə kompleksi bunun bariz nümunəsidir. Repressiya qurbanı Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi də ulu öndərimizin adı ilə bağlıdır və bu hadisə xalqımızın tarixinə əbədi həkk olunmuşdur.

Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan yazıçılarının da bütün qurultaylarında iştirak etmişdi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır. 

Azərbaycan incəsənətinin mühüm sahələrindən biri olan rəssamlıq məktəbinin tərəqqisi üçün də ümummilli liderimiz çox işlər görmüşdür. O, bu sahəyə böyük dəyər verirdi. Heydər Əliyev deyirdi: “Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.” Ümummilli liderimizin rəssamlarımızın fərdi sərgilərində müntəzəm iştirakı sənətsevərlərin məsuliyyətini artırır, həm də onları daha da ruhlandırırdı.  

Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir. Bununla bağlı ümummilli liderimizin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.” Əminliklə deyə bilərik ki, musiqi xadimlərimizin hər biri, Heydər Əliyev qayğısını hiss edib, həmişə minnətdarlıqlarını bildirirdilər.

Ümummilli lider Heydər Əliyev teatr sənətinin də məna və mahiyyətini, onun insanların qəbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi.  Onun tamaşalara hər gəlişi, fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi, klassik əsərlərin yozumuna müasir baxış qüvvətləndi. Heydər Əliyevin dəyərli teatr-estetik görüşləri onun ayrı-ayrı iclaslarda, müşavirə və toplantılarda, plenum və qurultaylarda çıxışları zamanı teatr haqqındakı fikirlərində, ayrı-ayrı sənətkarlarla görüşlərində dediyi sözlərdə, görkəmli sənətkarların yubileylərində göndərdiyi təbrik teleqramlarında, baxdığı tamaşalar barədə mülahizələrində öz dolğun əksini tapıb.

Bir sözlə Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fədakar əməyi və bu əməyin nəticəsində əldə edilən nailiyyətlər haqqında cild-cild kitablar yazmaq mümkündür. O, böyük siyasi, iqtisadi, ictimai problemlərlə yanaşı, çoxşaxəli fəaliyyətində Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük işlər görmüşdür. 

  Heydər Əliyevi görmək, onunla təmasda, ünsiyyətdə olmaq səadətdir, xoşbəxtlikdir. Fəxr edirəm ki, bu səadət mənə də nəsib olub. Mən Heydər Əliyevin keçirdiyi yüksək məqamlı toplantılarda bir neçə dəfə iştirak etmişəm, ilk dəfə 1978-cı ildə ulu öndərimizin keçirdiyi görüşdə iştirak etmişəm. Bütün bu dövr ərzində mən Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi böyük diqqətin canlı şahidi olmuşam.

Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları bu gün də yaşamaqdadır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev zəkasının izi görünməsin.     

Beləliklə, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.

İftixar Piriyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 

Əməkdar mədəniyyət işçisi