Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun "Üzümün aqrotexnikası” şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Azər Şükürov LiderXəbər-ə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.
- Budama necə həyata keçirilir?
Üzümdə quru budama iki şəkildə aparılır: a) saf budama, b) qarışıq budama.
Saf budama: Tənəkdə bütün çubuqların eyni ölçüdə (gözcüyün sayı bərabər) budanmasıdır. Bu tip budama əsasən qısa kəsilmə zamanı tətbiq olunur.
Qarışıq budama: Bu zaman tənəklərin zoğları 4 və daha artıq və yanında isə 2 gözə kəsilmiş əvəzedici çilik olmaqla budanır. Belə budama zamanı dib gözlərin barvermə xüsusiyyəti ilə yanaşı, zoğların aşağı gözlərinin açılma xüsusiyyətləri də nəzərə alınmalıdır. Növbəti ildə barmaq kimi saxlanılan və üzərində birillik zoğlar olan zoğlar dibdən kəsilib atılır. Keçən ilki əvəzedici çilikdən əmələ gələn zoğlardan tənəyə yaxın olanı əvəzedici, o birisi isə bar zoğu kimi saxlanılır. Bar zoğlarının kəsilmə uzunluğuna görə isə tənəklər qısa, orta və uzun budanır. Qısa budama (kəsmə): Dib gözləri barlı olan üzüm sortlarında zoğların 1-3 gözə kəsilməsidir. Bu zaman ikiillik budaqdan 0,5 sm məsafədə yerləşən gözlər nəzərə alınmır. Bu kəsməyə yanaşmalar müxtəlifdir. Bəzi müəlliflər zoğların 2-3, bəziləri isə 4-5 gözcüyə kəsilməsini məqsədəuyğun hesab edirlər. 2-3 gözcüklü kəsmələri əsasən çardaq, xiyaban, yaxud alleya və divaryanı üzümlükdə tətbiq etmək olar. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər.
Orta budama (kəsmə): Bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir.
Uzun budama (kəsmə): Bu zaman zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər.
Azər müəllim, ümumiyyətlə budama nə zaman aparılır?
- Noyabrda üzümlüklərdə yarpaqlar töküləndən 15-20 gün sonra (noyabrın 15-20-dən sonra) budama işlərinə başlanmalıdır. Respublikanın aran rayonlarında budamanı yarpaqların tökülməsindən 15-25 gün sonra, noyabr ayının ikinci yarısında başlayıb (yarpaqların tökülməsini nəzərə almaqla), fevral ayının axırları, mart ayının ilk ongünlüyünə qədər qurtarmaq lazımdır.
- Bəs budamanın aparılmasının məqsəd və əhəmiyyət nədən ibarətdir?
Üzüm məhsulunun həcminə və keyfiyyətinə təsir göstərən mühüm aqrotexnik tədbirlərdən biri budamadır. Onun əsas vəzifəsi kolların böyüməsini və məhsuldarlığını elə nizamlamaqdır ki, hər il müntəzəm olaraq konkret şəraitdə keyfiyyətli və bol məhsul almaq mümkün olsun.
Məqsəd isə aşağıdakılardan ibarətdir:
- Tənəyə uyğun formanın və müvafiq gözcük yükünün verilməsi;
- Bar budaqlarının fəzada düzgün və nizamlı şəkildə yerləşdirilməsi;
- Tənkdə uzun illər sabit və yüksək məhsulun əldə olunması, tənəyin uzunömürlülüyünün təmin edilməsi;
- Dərmanlama, məhsul yığımı və s.əməliyyatların asanlaşdırılması;
- Tənəkdə əl əməyinin, yaşıl əməliyyatların və s. azaldılması.