Sağlam həyatın əsas komponentlərindən biri də su içmək rejimidir. İnsan hər gün təmiz su içməlidir. Bəs biz su qəbulunu düzgün edirikmi? Gündə neçə litr su içmək lazımdır?
LiderXəbər olaraq mövzuyla bağlı araşdırmanı sizə təqdim edirik:
Suyun orqanizmdəki rolu
Su orqanizmdə oksigenin dövranı üçün vacibdir. Eyni zamanda qanın tərkibinə keçərək müəyyən maddələrin hərəkətinə kömək edir. Su hüceyrələrdə baş verən bütün proseslərdə iştirak edir.
Sutkada nə qədər su içməli?
Gün ərzində litr yarımdan 2 litrə qədər su içmək lazımdır. Başqa cürə desək, 1 kilo çəkiyə 30 ml su düşür.
Hamiləlik
Həkimlər hamiləlik dövründə qəbul edilən su miqdarını artırmağı məsləhət görürlər. Bu, həm anaya, həm də ana bətnindəki körpəyə faydalıdır. Gündəlik içilən su miqdarını 2.5 litrə qədər artırmaq lazımdır. Şiş yaranmaması üçün qəbul edilən duz miqdarını kəskin azaltmaq məsləhət görülür.
Su böyrəklər üçün faydalıdır
Böyrək üçün ən faydalı profilaktika onların daim işləməsidir. Buna görə də orqanizmə lazım olan su daxil olmalıdır. Rejimə uyğun su içmək məsləhət görülür. Bədəni və böyrəkləri yükləmək də olmaz. Unutmayın ki, sağlam rejim 1.5-2 litr sudur.
Nə zaman çox su içmək lazımdır?
Bir sıra hallarda insan su normasını gün ərzində 3 litrə qədər artırmalıdır. Bu hallar aşağıdakılardır:
1.Gərgin fiziki rejim
2.İdmanla məşğul olmaq
3.Qusmaq
4.Çox tərləmək
5.Zəhərlənmək
6.Yüksək hərarət
7.Təyyarə ilə uçmaq
Əgər kifayət qədər su içməsək nə olar?
1.Əgər dəriniz quruyursa su çox için. Əgər dodağınız çatlayırsa və qırışlar düşürsə, suyu artırın.
2.Həzmdə problem varsa, mədənizdə yanğı varsa, su için. Çünki maye azlığının əlamətidir.
3.Gözlərin acışması.
4.Ağızda quruluq və daim susuzluq hissi.
5.Ümumi yorğunluq, adi həyat tərzində yüksək yorğunluq.
6.Axşamlar tez-tez baş ağrısı.
7.Aclıq hissi.
Soyuq və ya isti su içməli?
Otaq tempraturunda suyu qəbul etmək məsləhətdir. Bir çox hallarda soyuq su içmək spazma ilə nəticələnir. Qaynar su isə selikli qişanı yandırır.
Səhərlər su içmək
Səhər bir stəkan su içmək əladır. Bu, orqanizmə faydalıdır. Bir stəkan su orqanizmə bu faydaları verir:
1.Gecə istirahətindən sonra həzm prosesini oyadır və işə salır.
2.İştahı normallaşdırır.
3.Səhər mədə qıcqırmasını aşağı salır.
4.Mədənin divarlarını təmizləyir.
Gecə su içmək faydalıdırmı?
Maddələr mübadiləsi yuxuda da davam edir. Əgər su içmək istəyirsinizsə, için. Amma özünüzü buna məcbur etməyin. Yuxudan əvvəl çox su içmək də lazım deyil. Əgər narahat yatırsınızsa və şişməyə meyllisinizsə, yuxudan əvvəl suyu çox az qəbul edin.