Küveytin vəliəhd şahzadəsi Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah 2023-cü ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə tərkibi bərpa edilən Milli Assambleyanın (Parlament) buraxılması barədə qərar qəbul etdiyini açıqlayıb.
LiderXəbər xarici mətbuata istinadən xəbər verir ki, onun bəyanatına görə, yaxın aylarda parlament seçkiləri keçiriləcək.
“Konstitusiyanın müddəalarına və xalqın iradəsinə hörmət edərək, Konstitusiya Məhkəməsi tərəfindən bərpa edilən 2020-ci il parlamentin buraxılması və yaxın aylarda ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul etdik”, - bəyanatda bildirilir.
Vəliəhdin sözlərinə görə, seçkilərdən sonra siyasi-hüquqi islahatlar həyata keçiriləcək və islahatlar hökumətlə parlament arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına, qanunvericilik və icra hakimiyyətlərinin sui-istifadələrinə yol verilməməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsinə yönələcək. O, hansı islahatlardan bəhs etdiyini açıqlamayıb.
Martın 19-da Küveytin Konstitusiya Məhkəməsi 29 sentyabr 2022-ci ildə keçirilmiş Milli Assambleya seçkilərinin nəticələrini etibarsız sayaraq, üzvləri 2020-ci il dekabrın 5-də seçilmiş parlamentin tərkibini bərpa edib.
Qeyd edək ki, Küveyt parlamenti ötən ilin avqustunda da rəsmi olaraq buraxılmışdı.