
ABŞ Prezidenti Donald Trampın iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü planlaşdırılır.
Liderxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iyulun 5-də yayımladığı ABŞ liderinin iş qrafikində qeyd olunub.
Vaşinqton administrasiyasının rəhbəri iyulun 7-də Ankaraya gələrək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də isə Tramp Zelenski (Bakı vaxtı ilə 15:30) və Suriya Prezidenti Əhməd əş-Şaara (Bakı vaxtı ilə 16:30) ilə jurnalistlər üçün qapalı formatda ikitərəfli görüşlər keçirəcək.
Bakı vaxtı ilə saat 17:15-də Vaşinqton administrasiyasının rəhbəri mətbuat konfransında çıxış edəcək. Bundan sonra o, ABŞ-yə geri dönəcək.
Bazar günü "Reuters" agentliyinin yüksəkrütbəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp Zelenski ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək niyyətindədir. Bu görüşdən sonra isə Amerika liderinin böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayacağı gözlənilir.