“31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ” tariximizin qanla yazılmış hər bir faciəsinin, bu faciədə şəhid olmuş soydaşlarımızın anım günü kimi bütün xalqımız tərəfindən ehtiramla qeyd edilir.
Bu tarix qan yaddaşımızdır. Qan yaddaşımızın qorunması, əsrlərdən keçərək nəsillərin yaddaşında yaşaması çox mühüm amildır. Elə bu vacibliyi də dərindən düşünən Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu qanlı faciələrə dövlət tərəfindən siyasi qiymət verilməsini təmin etdi. Bu tarixi Fərman qanla yazılmış tariximizə bir daha mübarizlik, dönməzlik, qətiyyəti gətirdi. Hər il 31 mart tarixində faciə qurbanları yad edilərkən bir daha tarixə baxış keçiririk, düşünürük ki, “Bu erməni nə bəladı millətə?” Öz çirkin, yalan və iftira dolu missiyasından əl çəkmir, çəkə də bilməyəcəkdir.
Onun yolu çirkablar üzərində qurulmuş bataqlıqdan ibarətdir. Bu bataqlıq isə bəşər var olduqca lənətlənəcəkdir! Tarixi torpaqlarımızda özünə dövlət qurmaqla kifayətlənməyən, hər dəfə daha çoxuna həvəslənən, zamanla yurdumuzdan oğurladıqları sərvətlərlə özünə “tərəfdaş” toplayan erməni, proqramlaşdıraraq maliyyələşdirdiyi terror təşkilatları ilə dəhşətli faciələr törətmişdir. Bu faciələri sadalamaq belə insanın damarda qanın dondurur. Lakin tarix bu yalanla, vəhşilik və qəddarlıqla yazılmış tarixin mənfur təşkilatçılarını, xislətini unutmayaraq üzə çıxarır. İnsanlığa ləkə, bəşərə qəddarlıqla ad qoyan bu təşkilatların sahibi erməni mənfurluğunu hər dəfə təkrarlayır, yeni, daha eybəcər formada öz xislətini üzə çıxarır. İnsanlığın qatili olan erməni soyu, dünyanın müxtəlif yerlərində bir neçə erməni terror təşkilatları yaradıb və yaratmaqda davam edir. Onlar bu terror təşkilatları vasitəsilə qətliamlar törətməklə, haqsız olaraq öz məqsədlərinə çatmaqdan ötrü səy göstərir. Zamanla bu partiyaların yeni qollarını artırırlar. Bu məqsədlə yaradılan terror partiyalarından - 1885-ci ildə yaradılan “Armenakan”, 1887-ci ildə yaradılan “Hnçak”, 1890-cı ildə yaradılan “Daşnaksütyun”, 1975-ci ildə yaradılan “Erməni gizli azadlıq ordusu-ASOA”, 1975-ci ildə “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu - ASALA”, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən “Orli Qrupu”, 2001-ci ildə “Apostol” və onlarla başqalarını qeyd etmək olar. Cenevrdə yaradılan “Hnçak” partiyasının əsas məqsədi - Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq, bu məqsədin həyata keçməsi üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodundan istifadə edilməsi seçilmişdir. Bu istiqamətdə “Armenakan” partiyası da yardımçı olaraq Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar yaratmaq, eyni zamanda İran və Rusiyada yaşayan ermənilərlə sıx birlik yaratmaq missiyasını zamanla reallaşdırır. Öz tarixi və törətdiyi qətliamlarla seçilən, daha çox adı keçən terror təşkilatlarından olan “Daşnaksütyun” erməni federativ partiyası olmaqla “Böyük Ermənistan” xülyası ilə qətliamlar törətməkdə israrlıdır. İlk dəfə Tiflisdə yaradılan bu partiya da Azərbaycanın Qarabağ, Naxçıvan ərazilərində Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” üçün terror fəaliyyəti göstərməkdədir.
“Daşnaksütyun” terror partiyası 1972-ci ildə Vyanada keçirdiyi qurultayı zamanı “Erməni soyqırım ədalət komandosları” təşkilatını yaratmışdır ki, onun da əsas məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirərək türklərə və azərbaycanlılara qarşı qanlı terror hadisələri törətmək olmuşdur. Nisbətən daha sonra yaradılan “ASALA” terror təşkilatı da 1979-cu ildə “Erməni azadlıq cəbhəsi”, 1988-ci ildə Moskvada yaradılmış “Erməni birliyi”, 1991-ci ildə Fransada yaradılmış “Erməni azadlıq hərəkatı - AOD”, 2001-ci ildə yaradlmış “GEQARON” terrorçu təşkilat qolları, birlikləri ilə türk və azərbaycanlılara qarşı terror hadisələrini hər formada həyata keçirməklə məşğul olurlar. Müxtəlif saxta sənədlər, müzdlu döyüşçülər, diplomat və yüksək vəzifəli insanlara qarşı terror, hava limanlarında qətl və s. qanlı hadisələr məhz bu terror təşkilatları, onların qolları, qruplaşmaları tərəfindən həyata keçirilməkdədir. Bu terror təşkilatları təkcə türk soylu xalqlara qarşı deyil, öz missiyasını yerinə yetirmək üçün hər cür formaya düşərək bütün insanlığa qarşı, bəşərə qarşı yaradılmış təşkilatlardır. “Daşnaksütyun” “türkü də, kürdü də, hər yerdə öldür, sözündən dönənləri, xain erməniləri də öldür, intiqam al!” əmrini vermişdir. Terrorçu ermənilərin, xüsusilə “Daşnaksütyun” partiyasının növbəti terror hadisələrindən biri də 1918-ci idə Mərdəkanda olmuşdur. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksutyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımın əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. Həmin qanlı hadisələrdə bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı.
Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan fövqəladə istintaq komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar... Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.
Ulu Öndər Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Allah xalqımızın azadlığı, haqq yolu uğrunda candan keçən bütün şəhidlərimizi rəhmət eləsin.Yaşasın Azərbaycan!
Bədirə Niftalıyeva;
Neftçala rayon ziyalısı, yazıçı-publisist