Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən danışıb.
LiderXəbər xəbər verir ki, Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib ki, Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdirirlər.
“Ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün bu prosesi davam etdiririk”, - erməni nazir əlavə edib.
XİN rəhbəri “tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəziləri üzrə Azərbaycanla razılıq əldə edildiyini” diqqətə çatdırıb.
Mirzoyan iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və regional kommunikasiya xətləri ilə bağlı iki önəmli məsələdə tərəflərin yanaşmasının fərqli olduğunu vurğulayıb.
Erməni nazir Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi danışıqlara da toxunub. O, Ceyhun Bayramovla yeni görüşün tarixinin hələlik müəyyən olmadığını diqqətə çatdırıb.
Mirzoyan Ceyhun Bayramovla davamlı təmasda olduğunu bildirib və ən yaxın zamanda yeni görüşün tarixinin müəyyən olunacağına ümidini ifadə edib.
“Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var”, - Mirzoyan bəyan edib.