Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"

13 yan 2024, 14:57
Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"

Prezident İlham Əliyev bir neçə gün əvvəl yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində son 30 il ərzində ölkəmizin qazandığı uğurlara geniş nəzər saldı.

Dövlət başçımız bildirdi ki, 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

1993-2003-cü illərin hadisələrinə nəzər salsaq, görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Müasir tariximizin yeni dövrü isə məhz ötən il sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin yekunu idi.

Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüzdür. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişik. Ermənistan dövlətinin tör-töküntüləri və bəzi yerli separatçılar faktiki olaraq özləri-özlərini humanitar yardımdan məhrum etmişdir.

Ölkə başçımız müsahibəsində bildirdi ki, ötən ilin sentyabrında keçirdiyimiz antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirildi, hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün yüksəklikləri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar. Xankəndidə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular.

Cənab Prezident müsahibəsində Fransanın anti-Azərbaycan fəaliyyəti barədə də fikirlərini açıqladı. Dövlət başçımız bildirdi ki, Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirir. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.

Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir.

Dövlət başçımız vurğuladı ki, bu gün suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.

İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır.

Dövlət başçımız bildirdi ki, onun Prezident fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər. Yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik.

Prezident İlham Əliyev onu da vurğuladı ki, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkətlər bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.

Bu gün Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik.

Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik.

Sülh prosesinin gedişinə də toxunan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistan istəyir ki, sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Sülh müqaviləsi imzalanmalıdır, delimitasiya prosesi isə davam etməlidir.

Prezident İlham Əliyev vurğuladı ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamalıyıq. Bir çox aparıcı keçmiş neft şirkəti hətta öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər və getdikcə yaşıl enerjiyə tələbat artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər.

Bu gün Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur.

Dövlət başçımız ölkəmizin gələcək enerji siyasətinə də toxunaraq bildirdi ki, tələbat var və artacaq, resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Qarşıya belə vəzifə qoyulub ki, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. 100 il bundan sonra da Azərbaycan önəmli tərəfdaş olacaq.

Dövlət başçımız müsahibəsinin sonunda xüsusi vurğuladı ki, gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi.

Jalə Əhmədova

Milli Məclisin deputatı