Azərbaycan və Gürcüstan arasındakı münasibətlər möhkəm dostluq və tərəfdaşlığa əsaslanır

19 mar 2024, 08:58
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər möhkəm dostluq və tərəfdaşlığa əsaslanır

Bu gün ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də qonşu ölkələrlə münasibətləri yüksək səviyyədə qurmaqdır. Bu mənada eyni regionda yerləşdiyimiz qonşu Gürcüstanla münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu ölkə ilə dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır.
Əsrlər boyu xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bu da öz növbəsində dövlətlərarası münasibətlərin möhkəm zəmin üzərində qurulmasına təsir etmişdir. Qeyd edək ki, müstəqil respublikalar olan  Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı baş tutub. Bu hadisələr də özlüyündə ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin vəzifə təyinatından sonra ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi vurğulanmalı haldır. Rəsmi qonağı ən ali səviyyədə qarşılayan Ölkə başçımız cənab İlham Əliyev bu səfərin əhəmiyyətini qeyd etmişdir. Bizlər ölkələrimiz arasında olan münasibətlərin hazırkı səviyyəsinin cənab İlham Əliyev və Gürcüstanın Baş nazirinin  mətbuata verdikləri bəyanatlarda səsləndirdikləri fikirlərdə də şahidi olduq. Möhtərəm Prezident cənab İlham Əliyev bu gün hər iki ölkənin birgə səylərlə nəinki öz iqtisadi inkişaflarını təmin etdiklərini, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrildiklərini öz nitqində xüsusi vurğuladı. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malik ölkələrdirlər. Gürcüstan Azərbaycan qazının Avropaya çatdırılması üçün ölkəmiz tərəfindən tranzit ölkə kimi istifadə edilir. Əlbəttə ki, hazırkı vəziyyət Gürcüstanı da qane etdiyi üçün onlar əlaqələrin bu şəkildə inkişafından çox məmnundurlar. İnanırıq ki, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası bundan sonra da artan temp üzrə davam edəcəkdir. Bunu deməyə kifayət qədər əsas və səbəb vardır. Ən əsası isə hər iki ölkənin və xalqlarımızın  bir-birlərini, dost və tərəfdaş olaraq görmələridir.
Ülkər Güləhmədova;
Neftçala rayonu, mədəniyyət işçisi