Prezident İlham Əliyevin Rusiyanın Baş naziri ilə görüşü olub

06 mar 2024, 17:45
Prezident İlham Əliyevin Rusiyanın Baş naziri ilə görüşü olub

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.

LiderXəbər xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdirdilər.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli Mixail Vladimiroviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.

İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.

Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.

Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.

Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.

Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.

Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı.