Şöhlət Əfşarın 75 illiyinə həsr olunmuş tədbir keçirilib

01 mar 2024, 15:06
Şöhlət Əfşarın 75 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, şair, publisist Şöhlət Əfşarın 75 illiyi münasibətilə tədbir keçirilib.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə akademik Yaqub Mahmudov və professor Əyyub Əzizov Şöhlət Əfşarın yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər. “Şöhlət Əfşar Nadir şah Əfşar nəslinin davamçısıdır. O, Dünya Avşarlar Dərnəyinin nümayəndəsi idi. Şair bu dərnəyin yaradılmasının 6-cı ildönümündə Nadir şah Əfşarın kətan üzərində işlənmiş portretini hədiyyə edib. Ş.Əfşar Ağcabədi torpaqlarının yetişdirdiyi istedadlı və vətənpərvər şəxsiyyət olub. Ailəsinə, vətəninə, xalqına bağlılığı nümunə sayılacaq xüsusiyyətlərindəndir”, - deyə əlavə olunub.
 
Şairin anım gününə həsr olunmuş tədbirin təşkilini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib: “Dünyada ən vacib məsələlərdən biri məhz övlad-valideyn münasibətidir. Təşkil olunan tədbir üçün şairin övladlarına öz təşəkkürümü bildirirəm. Mən Şöhlət Əfşarla Yazıçılar Birliyində iyirmi il bundan əvvəl birlikdə olmuşam. Onun ədəbiyyata vurğunluğu məni hər zaman valeh edib. Şairin “Sükutdan asılmışam”, “Dodaqdan könüllərə”, “Muğamın sədası” əsərləri ən yaddaqalan və maraq doğuran şeirlər sırasında yer alır".
 
Akademik Sabir Tağıyev, deputat Tahir Rzayev, şairlərdən Tapdıq Əlibəyli, Musa Ələkbərli, yazıçı Bəxtiyar Qaraca, professorlar Qulu Məhərrəmli, Qurban Bayram və Əməkdar müəllim Qəzənfər Abbasovun iştirak etdikləri mərasimdə şairin şeirləri səslənidirilib.
 
Tədbir çərçivəsində “Balans Medianın” Şöhlət Əfşara həsr etdiyi “Sükutdan asılan şair” adlı sənədli film nümayiş olunub. Filmdə Ş.Əfşarın bədii yaradıcılığının müxtəlif illərinə, ziyalı şəxsiyyətinə, habelə şəxsi həyatına işıq salınıb. Şairin ailə üzvləri, yaxınları, sənət adamları onun haqqında fikirlərini bölüşüblər.
 
Ekran əsərinin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, quruluşçu operatoru Cavid Şərifov, montaj rejissoru Əhməd Heybətov, redaktoru Ramin Paşazadədir.
 
Tədbirin sonunda Ş.Əfşarın ailə üzvləri qonaqlara təşəkkür edib, şairin kitablarının yeni nəşri barədə məlumat veriblər.