Bu gün xalqımız Zəngilan şəhəri gününü böyük coşğu və sevinclə qeyd edir. Üç il bundan əvvəl - 2020-ci il oktyabrın 20-də Zəngilanın işğaldan azad olunması ilə ölkəmizin 132 kilometr sərhədi bərpa edildi.
Hazırda Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır. Birinci pilot layihənin Zəngilanda icra edilməsi nəticəsində Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir və Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var.
Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə Zəngilan şəhərinin ilk sakinlərinin oraya qayıtması nəzərdə tutulur.
Burada həm də bir sıra mühüm logistik layihələr də icra olunur. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası, Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyətə malikdir. Çünki Zəngilan mühüm nəqliyyat qovşağıdır və nəqliyyat dəhlizləri üzərində yerləşir. Ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktordur.
Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Bu gün Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri olan Zəngilan məscidinin bərpası ilə bilavasitə Heydər Əliyev Fondu məşğul olur.
Hazırda Zəngilanda pilot yaşayış layihəsi ilə yanaşı, həm də pilot kənd təsərrüfatı layihəsi də həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Beləliklə, Zəngilanın gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verməsi planlaşdırılır. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və bu ərazilərdə tarixən maldarlıq yaxşı inkişaf etmiş bir kənd təsərrüfatı sahəsi olub.
Həyata keçirilən genişmiqyaslı işlər onu deməyə əsas verir ki, Zəngilan da işğaldan azad edilmiş digər ərazilərimiz kimi, tezliklə yeni simasına qovuşacaq və öz sakinlərinə firavan həyat bəxş edəcək.
Jalə Əhmədova
Milli Məclisin deputatı