
Xəzər Universiteti Dünya Məktəbi MMC-də İnsan Resursları Departamentinin rəhbəri Anar Abasəliyev Liderxeber.az-a müsahibə verib.
— Əmək Məcəlləsinə edilən son dəyişikliklərdən biri kimi 5-2-ci hissə nələri nəzərdə tutur?
Əmək Məcəlləsinə əlavə edilən 5-2-ci hissəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda — yəni narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə — işə qəbul zamanı işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə rəyi təqdim etməlidirlər. Bu dəyişiklik iş yerlərində təhlükəsizliyin təmin edilməsi və risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
— Bu maddənin tətbiqi zamanı işəgötürənlər hansı əsas məqamlara diqqət etməlidir?
Bu məsələ ilə bağlı bir neçə vacib məqamı xüsusilə vurğulamaq istərdim.
İlk olaraq qeyd edim ki, işəgötürənlər yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq tibbi müayinə rəyi tələb etməlidirlər.
— Praktik baxımdan bu tələb necə tətbiq olunur?
Məsələn, işəgötürən həm xəzinədar, həm də insan resursları üzrə mütəxəssis vəzifəsinə işçi qəbul edirsə, bu halda yalnız xəzinədar vəzifəsi üzrə namizəddən narkoloji tibbi müayinə rəyi tələb olunmalıdır. İnsan resursları üzrə mütəxəssis vəzifəsi isə həmin siyahıya daxil deyil və belə tələb qanunazidd hesab olunur.
— Tibbi müayinə rəyi ilə bağlı hansı tələblər mövcuddur?
Bu tibbi müayinə rəyi yalnız dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilməlidir. Özəl tibb müəssisələrinin təqdim etdiyi sənədlər hüquqi qüvvəyə malik deyil. Təqdim olunan sənəd sadəcə uçot arayışı deyil, tibbi müayinə nəticəsi olmalıdır.
— Narkoloji xəstə anlayışı hüquqi baxımdan necə müəyyən edilir?
“Narkoloji xidmət və nəzarət haqqında” Qanuna əsasən, narkoloji xəstə yalnız rəsmi tibbi diaqnoz əsasında müəyyən edilir.
— Sonda işəgötürənlərə tövsiyəniz nə olar?
İşəgötürənlər qanunvericiliyin tələblərini düzgün tətbiq etməli, yalnız zəruri hallarda tibbi müayinə tələb etməli və işçi hüquqlarını qorumalıdırlar.
