Binəqədidə Novruz bayramı münasibətilə bayram konserti təşkil olunub

19 mar 2023, 13:23
Binəqədidə Novruz bayramı münasibətilə bayram konserti təşkil olunub

Binəqədi rayonunda Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, birliyi, mehribanlığı, barışığı və səmimiyyəti özündə əks etdirən Novruz bayramı münasibətilə “Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı bayram konserti təşkil olunub.

LiderXəbər xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyəti və sakinlər iştirak edib. Tədbirdə tarixi-mədəniyyət abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğ edilməsinə, ölkəmizdə və eyni zamanda ölkəmizdən kənarda Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən festivalların, mahnı müsabiqələrinin təşkilinə xüsusi önəm verən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində xalqımızın milli bayramı olan “Novruz bayramı”nın UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi xüsusilə vurğulanıb, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Böyük Qələbəmiz və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar səsləndirilən fikirlər, ifa edilən mahnılar doğma Qarabağımıza, Azərbaycanımıza həsr olunub.

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib. 

Novruz bayramınız mübarək olsun! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq! Ocağımızdan odumuz tükənməsin, süfrələrimizdən bərəkətimiz əskik olmasın! Uca Tanrı dövlətimizi, xalqımızı qorusun!