Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının koordinasiyası və ev sahibliyi, Agro Dairy-nin qızıl sponsorluğu ilə 23-25 sentyabr tarixlərində Bakı şəhərində “IAOM EURASIA” Konfransı və Sərgisi təşkil ediləcək.
Liderxeber.az xəbər verir ki, bundan əlavə, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin, Torpaq Məhsulları İdarəsinin (TMO), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin nəzdində müxtəlif dövlət qurumlarının, Qara Dəniz Un Sənayeçiləri Dərnəyinin (KUSAD) və Qara Dəniz İxracatçıları Birliyinin də (KİB) tədbirdə tərəfdaş kimi iştirak etməsi nəzərdə tutulmuşdur.
126 illik tarixə malik Beynəlxalq Əməliyyatçı Dəyirmançılar Assosiasiyası (IAOM) bu sektorda taxıl istehsalçılarını, un emalçılarını və ticarət nümayəndələrini bir araya gətirən və müvafiq sahələrdə təhsil və təlim imkanlarını yaxşılaşdırmaq üçün çalışan dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır.
Bu konfrans və sərgi dənli bitkilərin emalı və müvafiq avadanlıqların istehsalı sənayeləri üzrə maraqlı tərəfləri bir araya gətirəcək, müasir bazar trendlərinin müzakirə edilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması, yeni əməkdaşlıq münasibətlərinin qurulması və razılaşmaların əldə edilməsi üçün imkanlar təşkil edəcəkdir. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə əlaqədar olaraq, “IAOM EURASIA” Konfransı və Sərgisinin ana mövzusu da iqlim dəyişikliyinə cavab olaraq ərzaq təhlükəsizliyinin davamlılığına həsr olunmuşdur.
Sizi 23-25 sentyabr 2024-cü il tarixlərində Bakı, Marriott Boulevard Hotel-də keçiriləcək “IAOM EURASIA” Konfransı və Sərgisində iştirak etməyə dəvət edirik. İnanırıq ki, sektoru əhatə edən belə bir önəmli tədbirin əsas məqsədinin vacibliyinin ön plana çıxarılmasında sizin də iştirakınızın payı olacaq.
Yaxından tanış ola bilməniz üçün tədbirin təfərrüatlı proqramını və gündəliyini sizə təqdim edirik.
Ətraflı məlumat və qeydiyyat üçün:
[email protected] | www.iaom-eurasia.info
+90 (533) 281 43 12