Mayın 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidentinin vəzifələrini icra edən, Senatın sədri Sayed Yusuf Raza Gilani ilə görüşüb.
XİN-dən Liderxeber.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər ilə yanaşı, regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov dost və qardaş Pakistana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkələrimiz arasında bu kimi səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Azərbaycan və Pakistan arasında zəngin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin uğurlu inkişafının məmnunluq doğurduğu qeyd olunub. Xüsusilə, müdafiə, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, turizm kimi sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin, habelə inkişaf üçün potensialın mövcudluğu vurğulanıb.
Dövlətlərimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığa hər iki ölkənin parlamentləri arasında mövcud əlaqələr və təmasların töhfə verdiyi diqqətə çatdırılıb. Regional və beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək və fəaliyyət məmnunluqla qeyd olunub. Bununla yanaşı, digər müxtəlif regional çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Postmünaqişə dövründə mövcud regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş münaqişə zamanı, habelə hazırkı şəraitdə göstərilən siyasi və mənəvi dəstəyə görə Pakistana təşəkkür edib.
Hazırda işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa işləri, habelə Azərbaycan və Ermənistan arasında aparılan normallaşma və sülh danışıqlarından bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin hər iki istiqamət üzrə fəaliyyətinin regional sülh və sabitliyə hesablandığını diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və danışıqlar prosesi barədə qarşı tərəfi məlumatlandıraraq, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyimizi bildirib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senat sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi-ticari əlaqələr, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiyalar kimi potensial əməkdaşlıq sahələri müzakirə olunub. "İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də müzakirələrin gündəmində olub. Tərəflər daha geniş regional vəziyyəti, COP29-a hazırlığı müzakirə ediblər", XİN bildirib.