Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə ƏETİ-nin nəzdində fəaliyyət göstərən Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) “Taxıl əkinlərində sarı pas xəstəliyinə və alaq otlarına qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib.
LiderXəbər xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd taxıl əkinlərində yüksək məhsul əldə edilməsi baxımından sarı pas xəstəliyinə davamlı və əsasən yerli şəraitə uyğunlaşmış sortların əkilməsinin, müvafiq aqrotexniki tədbirlərin (növbəli əkin sisteminin tətbiqi, alaqlara qarşı mübarizə və s.) tətbiqinin və kimyəvi üsullarla (fungisid və herbisidlərin istifadəsi) mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyinin diqqətə çatdırılması olub.
Tarla seminarında aktual mövzu ilə bağlı KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, AXA-nin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, ƏETİ-nin direktoru Faiq Xudayev, AzərŞəkər MMC-nin kənd təsərrüfatı üzrə direktoru Seymur Səfərli, Tərtər DAİM-in direktoru Mehman Babayev və Tərtər BTS-in direktoru Rəşad Familzadə ətraflı məlumat veriblər. Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Çıxışlar zamanı istehsalçılara qabaqlayıcı tədbirlərin (profilaktiki) aparılması və xəstəlik simptomlarının ilkin müşahidəsi zamanı (kütləvi yayılma hallarının qarşısını almaq məqsədi ilə) kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi tövsiyyə olunub.
Tədbirdə KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin, Əkinçilik ET İnstitutunun, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri, Tərtər BTS-in əməkdaşları, ərzaqlıq buğda istehsalı ilə məşğul olan özəl sektorun, aidiyyəti qurumların nümayəndələri, bölgə fermerləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələri də iştirak ediblər.
Seminarın yekununda Bölgə Təcrübə Stansiyasında buğda və arpa bitkilərinin sort və sortnümunələrinin seleksiya, nümayiş və təcrübə əkinlərinə baxış keçirilib, mütəxəssis və istehsalçılarla müzakirələr aparılıb.