Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real Madrid” futbol klubu ilə Almaniyanın “Borussiya Dortmund” klubu üz-üzə gələcək.
Liderxeber.az-ın məlumatına görə, oyun Londondakı “Uembli” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu final Çempionlar Liqası tarixində 69-cu olacaq. Turnirin ən titullu klubu “Real Madrid”dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib. Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin “Liverpul”unu (1:0) məğlub etmişdi. “Borussiya” isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya “Yuventus”undan güclü olub (3:1). 2013-cü ildə də “Borussiya” finala çıxsa da, Almaniyanın “Bavariya”sına uduzub (1:2).
“Borussiya”nın baş məşqçisi Edin Terziç komandanın “Real Madrid”lə finalda çox çətin anlar yaşayacağını qeyd edib: “Düşünürəm ki, biz bu finala layiqik. Favorit olmayacağımızı bilirəm. Çox çətin olacaq. Amma final bir matçdan ibarətdir, ona görə də hər şey mümkündür, biz bunu artıq sübut etmişik”. Menecer kimi 6 dəfə finala yüksələn “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının fantastik bacarığını yüksək qiymətləndirib: “Bizim o qədər problemimiz, ciddi zədələrimiz var idi. Biz Vinisiusu, Juda Bellinqemi və başqalarını müəyyən müddətə itirdik, amma heç kim bu barədə danışmırdı. Bu komandanın oyunçuları fantastik qabiliyyətə və xarakterə malikdirlər”.