Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"

06 mar 2024, 15:09
Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"

"Bizim üçün məsuliyyətli oyundur".

LiderXəbər xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Çox vacib oyundur. Hiss edirik, görürük, oxuyuruq, bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. "Bayer" tanış rəqibdir. Amma bu komandaya qarşı oynamaq xoşdur. Bu gün Bundesliqanın lideridirlər, çox yaxşı məşqçilər korpusu var. Çox bacarıqlı, keyfiyyətli iş quran klubdur. Struktur baxımından belə klubdan böyük təcrübə toplayırıq. Pis hazırlaşmamışıq. Futbolçuların hazırlığı yaxşıdır. İnanıram ki, sabah meydanda futbolçular özlərinin ən yaxşı oyununu göstərəcəklər. Dinamik komandaya qarşı oynayacağıq. Sabah təkcə fiziki güc yox, 90 dəqiqə oyunun içində olmaq, düşünmək çox vacibdir. İnanıram ki, sabah stadion tam dolacaq və azarkeşlər üçün maraqlı, yaxşı, mübarizəli oyun göstərəcəyik".

- Azərbaycan və Almaniya futbolu arasında fərq çox böyükdür. Bunu nəzərə alsaq, "Qarabağ" daha çox hansı məqama diqqət edərək rəqibin qarşısını ala bilər?

- Fərqi həmişə nəzərə almışıq. Amma bunu çox dərindən düşünməmişik. Biz sadəcə rəqibimizə qarşı necə oyun qurmaq lazımdır, onu düşünürük. Bunu bacarırıq deyə, inamla hazırlaşırıq. Bəli, bu komandanın nə qədər üstünlüyü olsa da, böyümək üçün çəkinmədən "Bayer"ə qarşı mübarizə aparmalıyıq. Bəzi detalları futbolçulara çatdırırıq. Amma futbolçulara tapşırığımız olacaq: meydanda 90 dəqiqə dözməyi bacarmalıyıq. İstənilən oyun tərzinə, sürətə dözməliyik. Bu, hazırkı futbolun əsas amillərindəndir. Çəkinmədən oynamaq və dözməyi bacarmaq çox vacibdir. Bu bir hissə olacaq, iki hissə olacaq, 60 dəqiqə olacaq, görəcəyik. Bunu bacarsaq, illərlə artıra bilərik.

- "Neftçi" ilə oyundan sonra futbolçularda yükləmə yoxdur?

- Xeyr. Bu, sadəcə hazırlıq planımız idi. Hansı ki, bizə bu oyunda çox futbolçunun 90 dəqiqə oynaması vacibdir. Bundan əvvəlki matçlarda xeyli rotasiyalar etmişdik. "Braqa" ilə görüşdə çox güc sərf etmişdik deyə, oyunçulara istirahət vermişdik. "Neftçi" yox, başqa komandaya qarşı oynasaydıq da, eyni addımı atacaqdıq ki, komandanı bu oyuna tam hazır edək. Ümidvaram ki, proqramımıza, planımıza görə, "Bayer"lə oyunda futbolçularımızın hazırlığı daha yaxşı olacaq. Narahat olacaq heç nə yoxdur.

- Favoritin adı məlumdur. Baxımlı futbol istəyirsiniz, yoxsa sırf nəticə?

- Baxımlı futbolu oynamağı düşünməsək, nəticələrimiz çox az olar. Sadəcə, bəzən tam düşündüyümüz kimi niyə alınmır? Rəqib imkan vermir. Amma tələblərimizdən, oyunumuzdan əl çəkmirik. Mənim üçün ev-səfər düşüncəsi yoxdur. Çünki dəfələrlə bildirmişəm ki, biz çəkinərək, sırf bu oyunda nəticəyə oynamaq lazımdır deyə, belə fikir formalaşdırsaq, az nəticələr qazanarıq. Biz baxımlı futbol oynamalıyıq. Azarkeşlərin komandanın yanında olması üçün də bu, vacibdir. Azarkeşlər rəqibin üzərində gərginlik yaradacaqsa, bu bizim üstünlüyümüzdür. Sabah da istədiyimiz hücumları qurmağa, oyunumuzu oynamağa çalışacağıq. Ola bilər ki, hardasa rəqib ustalıqda bizi üstələyər. Amma inanmıram ki, sabahkı matçda öz oyunumuzu göstərə bilməyək. Belə fikrim yoxdur. Aktiv, aqressiv şəkildə, rəqibə dəyər verərək oynayaq. Böyüməyimiz üçün bunlar çox vacibdir. Nəticə verib, böyümək istəyiriksə, böyük komandalara qarşı istədiyimizi meydanda göstərməyə çalışmalıyıq. Ola bilər ki, bu 60 dəqiqə olsun... Amma bunu bacarırıqsa, demək ki, gələcəkdə daha yaxşı olacağıq.

- Bu yaxınlarda Xabi Alonso ilə Almaniyada görüşmüşdünüz. Sizcə, Xabi Alonso sizin fikirlərinizdən istifadə edib fərqli plan cıza bilər? Ya da, əksinə?

- Deməzdim ki, hansısa plan qurmuşuq, ya da Alonso bu barədə düşünəcək. Böyük komandalar ilk olaraq öz oyununu nümayiş etdirməyə çalışır. Bu gün də "Bayer" bunun hesabına digər rəqiblərdən üstündür. Xabi Alonsonun tələblərinə uyğun futbolçular yığılıb. Oyunun gedişində rotasiyalar yerinə yetirir. Tanışlığımız oldu. Həm biz öz işimizdən danışdıq, məlumat verdik. Həm də onlar bizə. Amma inanmıram ki, bu hansısa detal, element bizə qalib gəlməyə kömək edər, ya da uduzmağa səbəb olar. İlk oyunumuza qədər də çox oyunlarına baxmışdıq. Amma sonra meydanda canlı gördük. İnanmıram ki, görüşümüzün hansısa detalı fərq göstərsin. Futbolun dili birdir. Tələbləri vaxtında, yaxşı yerinə yetirən qalib gəlir. Bu aksiomadır. Klub olaraq münasibətimiz daha yaxın oldu. Mənim üçün maraqlı olan, Alonsonun keçmiş karyerası idi. Zəngin futbolçu karyerası var. Mənə motivasiya verən onun peşəkar davranışlarıdır. Bu qədər titullar əldə etməyi hər futbolçu bacarmır. Böyük məşqçilərlə işləyib, onlarla danışıqlarından bəhs etdi. Bu oyunda hansısa faydası olacağını düşünmürəm, gələcəkdə köməyi ola bilər.

- Qrupdakı "Bayer"lə sabahkı "Bayer"in fərqi var?

- Daha ciddi yanaşacaqlar, daha aktiv olacaqlar. Çünki Bakıdakı matçda onlara qarşı tam fərqli mübarizə aparmışdıq. Evdəki görüşdəki onlar birinci yeri həll etmişdilər. Amma bu iki oyundan ibarət matçdır. Məğlub olan turniri tərk edir. Xabi Alonso elə məşqçidir ki, mən onda hansısa oyuna sıradan yanaşdığını görməmişəm. "Bayer" çox ciddi yanaşacaqlar. Fikirləşəcəklər ki, cütün taleyini burada həll etsinlər.

- Julio Romaonun mövqeyində kim oynayacaq?

- Bu gün futbolçularımın hər birinin durumu yaxşıdır. İnanmıram ki, kimsə özünü pis tərəfdən göstərsin. Çünki hazırlıqları yaxşı səviyyədədir.

- "Bayer"lə üçüncü dəfə oynayacaqsınız... Atalar üçdən deyib...

- Ataların sözündən heç vaxt çıxmamışıq. Nə deyiblər, düz deyiblər. Necə olacaq, görəcəyik. Üçlə bitmir, hələ dörd gəlir qarşıdan.