Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır.
Liderxeber.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirib. Nəşrin qeyd etdiyi kimi, NATO baş katibləri adətən Alyansın ən böyük və ən mühüm üzvü olan Amerikanın siyasətini tənqid etmirlər. Lakin Stoltenberq bunu edib: birbaşa ABŞ-nin adını çəkmədən söhbətin kimdən getdiyini aydın göstərib. “Müttəfiqlərin Ukraynaya bağışladıqları silahların istifadəsinə qoyduğu bəzi məhdudiyyətləri ləğv edib-etməmək barədə düşünməyin vaxtı çatıb. Xüsusilə indi, Xarkov vilayətində, sərhədə yaxın ərazidə çoxlu döyüşlərin getdiyi vaxtda. Ukraynanın bu silahlardan Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı istifadəsinin yasaqlanması onların özlərini müdafiə etmələrini çox çətinləşdirir”, – Baş katib bildirib. Stoltenberq rusiyalıların itkilərdən asılı olmayaraq sərhəd bölgəsində hücumlarını davam etdirəcəklərini və müəyyən ərazi qazancları əldə edəcəklərini vurğulayıb. “Biz bunun nə olduğunu yadda saxlamalıyıq. Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsidir. Ukraynanın özünü müdafiə etmək hüququ var. Bura Rusiya ərazisindəki hədəfləri vurmaq da daxildir”, – deyə Stoltenberq təkid edib. Eyni zamanda, Baş katib Avropa ölkələrinin silah tədarükü ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsini tənqid edib. “Avropalı müttəfiqlər bir milyon artilleriya mərmisi vəd edib. Biz ondan əsər-əlamət görmədik”, – o söyləyib. Bununla belə, Stoltenberq qeyd edib ki, NATO Rusiya ilə birbaşa qarşıdurmadan qaçınmalıdır. Eyni zamanda, o, silah tədarükü ilə hərbi əməliyyatlarda birbaşa iştirak arasında fərq gördüyünü vurğulayıb. “Biz təlimlər keçiririk, Ukrayna üçün silah, sursat tədarük edirik, lakin NATO ərazisindən Ukrayna üzərində və ya onun ərazisindəki hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəyik, ona görə də bu, başqa məsələdir”, – o vurğulayıb və əlavə edib ki, NATO Ukraynaya qoşun göndərməyi nəzərdən keçirmir.