Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda tikilən 7 275 evi sahiblərinə təhvil verəcək.
LiderXəbər “Anadolu Agentliyi“nə istinadən xəbər verir ki, evlər ötən il fevralın 6-da baş verən zəlzələlərdən sonra tikilib.
Məlumata əsasən, Ərdoğan “Əsrin fəlakəti” adlandırılan zəlzələnin birinci ildönümündə sözügedən bölgəyə səfər edəcək. Prezident bölgədə aparılan tikinti işləri ilə tanış olacaq, eləcə də tikintisi başa çatan evlərin sahiblərinə təhvil verilməsi mərasimində iştirak edəcək.
Prezident ilk səfərini bu gün Hataya edəcək, sabah isə Qaziantepdə olacaq. Fevralın 6-da o, iki böyük zəlzələnin episentri olan Kahramanmaraş şəhərinə gedəcək. Ərdoğan, yaxın günlərdə zəlzələ bölgəsinə səfərlərini davam etdirəcək.