
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki iki bazasına və bir hərbi düşərgəsinə zərbələr endirib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, İran ordusunun kamikadze dronları "Arifcan" bazasındakı inzibati binaları və radiopelenqasiya antenalarını, "Əl-Udayri" düşərgəsindəki helikopter dayanacağını, həmçinin Küveytdə yerləşən "Əhməd Əl-Cabir" aviabazasında hərbçilərin qaldığı binanı hədəfə alıb. İslam İnqilabı Keşikçiləri Korpusu Küveytdəki "Əhməd əl-Cabir" aviabazasına hücum edərək bir neçə hərbi obyekti darmadağın edib.
Məlumata əsasən SEPAH-ın Aerokosmik Qüvvələri "Əhməd Əl-Cabir" aviabazasında ABŞ-nin erkən xəbərdarlıq radarını, raket əleyhinə müdafiə radar sistemini, "AN/FPS-117" radarını, "Patriot" hava hücumundan müdafiə sistemini və hava hücumundan müdafiəni dəstəkləyən peyk rabitə şəbəkəsini vuraraq məhv edib. Həmçinin, İranın elit hərbi birləşməsi Bəhreyn ərazisindəki Amerika hərbi infrastruktur obyektlərinin də sıradan çıxarıldığını elan edib.
"Nəsr-2" əməliyyatının 24-cü dalğası zamanı SEPAH-ın Aerokosmik Qüvvələri raketlər və pilotsuz uçuş aparatları ilə sinxron zərbələr endirib. Nəticədə Bəhreynin Mühərrəq bölgəsindəki ABŞ radiolokasiya stansiyası və Riffa şəhərindəki "Patriot" HHM sistemi tamamilə məhv edilib.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunun verdiyi məlumata görə, təhlükəli marşrutla Hörmüz boğazından keçmək istəyən iki neft tankeri partlayıb. Xilasedicilər hazırda həmin gəmilərin heyətini hadisə zonasından təxliyə edirlər.