
Şimali Koreya (KXDR) özünün nüvə potensialını daha da artırmaq istiqamətində qəti qərar qəbul edib.
Liderxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin ölkə lideri Kim Çen Inın rəhbərliyi ilə keçirilən iclasının yekunlarına əsasən məlumat yayıb.
Görüş çərçivəsində həmçinin döyüş sistemlərinin texniki infrastrukturunun müasirləşdirilməsi müzakirə olunub.
Bir müddət əvvəl isə KXDR xarici işlər nazirinin müavini Kim Son Gen BMT Baş Assambleyasındakı nitqində rəsmi Pxenyanın nüvə silahından heç bir halda imtina etməyəcəyini vurğulamışdı. Diplomatın sözlərinə əsasən, Koreya yarımadasındakı sabitliyin əsas qarantı məhz nüvə arsenalıdır və bu amil düşmən qüvvələrin regionda toqquşma yaratmaq planlarını puça çıxarır.