
Təxminən 30 ildir Everest dağının “ölüm zonası”nda qalan və alpinistlər arasında “Yaşıl çəkməli” kimi tanınan hindistanlı alpinistin qalıqlarının dağdan endirilməsi üçün xüsusi əməliyyat hazırlanır.
Liderxeber.az xəbər verir ki, Hindistan Sərhəd Polisi 8200 metr yüksəklikdə yerləşən qalıqların təxliyəsi məqsədilə yüksək dağ xilasetmə şirkətlərindən təkliflər toplamağa başlayıb.
Rəsmi sənədlərə əsasən, xüsusi qrupun qalıqları oktyabr ayına qədər Yeni Dehliyə çatdırması nəzərdə tutulur. Lakin təcrübəli alpinistlər bildirirlər ki, sərt hava şəraiti səbəbindən belə bir əməliyyatın yalnız yaz mövsümündə həyata keçirilməsi real görünür.
Qeyd edilir ki, bu missiya Everest tarixində ən çətin və təhlükəli xilasetmə əməliyyatlarından biri olacaq. Oksigen səviyyəsinin həyati minimumdan aşağı olduğu “ölüm zonası”nda işləmək adi dırmanışdan qat-qat risklidir.
Bildirilir ki, ən azı 10 nəfərdən ibarət peşəkar komandanın belə əməliyyatı başa çatdırması üçün minimum bir həftə vaxt tələb oluna bilər.
Uzun illər bu qalıqların 1996-cı il Everest faciəsində həyatını itirən 28 yaşlı hindistanlı alpinist Tsevanq Paljora aid olduğu düşünülürdü. Həmin faciə alpinizm tarixinin ən ağır hadisələrindən biri hesab olunur.
Lakin Hindistan hakimiyyətinin hazırladığı yeni sənədlər və DNT analizləri qalıqların, əslində, eyni ekspedisiyanın üzvü olan hindistanlı hərbçi Dorje Morupa məxsus olduğunu təsdiqləyib. Fırtına zamanı itkin düşən üç alpinistdən indiyədək yalnız onun cəsədi tapılıb.
Hazırda Everestdə 200-dən çox alpinistin cəsədi hələ də dağda qalır. Qalıqların endirilməsi həm yüksək maliyyət, həm də son dərəcə təhlükəli olduğundan onların böyük hissəsi olduğu yerdə saxlanılır.
Bu məsələ alpinizm ictimaiyyətində mübahisə doğurur. Bir qrup hesab edir ki, xilasetmə qruplarının həyatını riskə atmamaq üçün cəsədlər dağda qalmalıdır. Digərləri isə mərhumların ailələrinə təhvil verilməsi və onlara layiqli şəkildə dəfn olunması üçün qalıqların mümkün olduğu halda dağdan endirilməsinin vacib olduğunu düşünür.