Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Qardaşlıq və tərəfdaşlıq nümunəsi

14 mar 2024, 16:38
Qardaşlıq və tərəfdaşlıq nümunəsi

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Xalqlarımız arasında qardaşlıq münasibətləri, dövlətlərimiz arasında faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək əlaqələrimizin uğurlu inkişafının əsasını təşkil edir. Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri nəticəsində bu əlaqələr daha da dərinləşərək strateji əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib.

Ölkəmizdə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın tarixi qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevindiklərini, bu Qələbənin mahiyyət etibarilə tarixi olduğunu vurğulayaraq, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacağı fikrini bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev beynəlxalq arenada da uğurla əməkdaşlıq edildiyini və bundan məmnun olduğunu bildirərək, istər Birləşmiş Millətlər Təşkilatında, yaxud başqa beynəlxalq təşkilatlarda nümayəndə heyətlərinin uğurlu qarşılıqlı fəaliyyət göstərməsini və bu xəttin davam edəcəyini qeyd edib.

Bütün türk dövlətlərinin rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə və xalqına ünvanlanmış təbriklər və azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasına dəstək təşəbbüsləri xalqlarımız arasında qardaşlıq münasibətlərinin parlaq nümunəsidir. Düşünürəm ki, türk Türk respublikalarının belə vahid geopolitik region çərçivəsində yenidən birləşməsi nəticəsində Azərbaycanımız da daxil olmaqla, bütün Avrasiyada sülhün və təhlükəsizliyin təmin olunmasına böyük töhfə veriləcəkdir.

44 günlük Vətən müharibəsində ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verməkdədir. Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir.

Ötən ilin avqustunda Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin, bu gün isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının daha bir göstəricisidir.

Martın 12-də Şuşa şəhərinə səfər edən Prezident İlham Əliyevə və Prezident Kasım-Jomart Tokayevə Şuşanın Baş planı barədə məlumat verilib. Şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirildiyi bildirilib. Mədəniyyət paytaxtı Şuşa ilə tanışlıq ali qonaqda dərin təəssürat doğurub.

Sevindirici haldır ki, bu gün Avropanın bəzi “ermənipərəst” dövlətlərinin Azərbaycana qarşı apardığı ədalətsiz və iyrənc kampaniyalar dövründə türk dövlətlərinin iqtisadi, enerji, investisiya, kənd təsərrüfatı, mədəni və ümumilikdə humanitar sahələrdə əməkdaşlığı ölkəmizin gələcək inkişafına da böyük dəstək və etibarlı tərəfdaşlıq nümunəsidir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və imzalanmış sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edərək, eyni zamanda bu gün öz uğurları ilə mənfur düşmənləri narahat edən Orta Dəhliz layihəsinin gerçəkləşməsinə də bir zəmin yaradır.

Şahbaz Balakişiyev,

“Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru,

filologiya üzrə fəlsəfə doktoru,

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü