Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2025-ci il üçün etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir daxildir. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub.
Bunu müsahibəsində AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.
Onun sözlərinə görə, bu tədbirlər AQEM-in beş əsas iş istiqamətini əhatə edir: iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü.
Planlaşdırılan təşəbbüslər arasında bir neçə əsas istiqaməti qeyd edib. Buraya iqtisadi əməkdaşlıq və rəqəmsallaşma; ekoloji dayanıqlılıq və ərzaq təhlükəsizliyi; mədəni əməkdaşlıq və innovasiyalar; davamlı inkişaf daxildir.
K.Sarıbay bildirib ki, iqtisadi əməkdaşlıq və rəqəmsallaşma çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı və regional qarşılıqlı əlaqənin gücləndirilməsinə yönəlmiş AQEM ölkələrinin liman rəhbərlərinin konfransı; müxtəlif sahələrdə qabaqcıl texnologiyaların tətbiqinə töhfə verən Rəqəmsal Transformasiya və İnnovasiyalar Forumu; kiçik və orta biznes üçün platforma və ən yaxşı təcrübələrin mübadiləsini təmin edən AQEM İşgüzar Şurasının illik iclası çərçivəsində KOB sərgisinin keçirilməsi planlaşdırılır.
Ekoloji dayanıqlılıq və ərzaq təhlükəsizliyi üzrə "Dairəvi Yaşıl Turizm" layihəsinin reallaşdırılması; regionda ərzaq təhlükəsizliyinin artırılmasına yönəlmiş kənd təsərrüfatı təcrübələri üzrə beynəlxalq sammit keçirilməsi nəzərdə tutulur.
Mədəni əməkdaşlıq və innovasiyalar üzrə AQEM çərçivəsində 2025-ci ildə yaradıcılığın inkişafı və texnologiyaların mədəni sahəyə inteqrasiyasına yönəlmiş mədəni irsin qorunması üzrə konfrans və incəsənətdə süni intellekt müsabiqəsinin keçirilməsi planlaşdırılır.
Dayanıqlı inkişaf və gənclər təşəbbüsləri üzrə gənclər arasında dayanıqlı inkişaf gündəliyinin təşviqinə töhfə verən AQEM Gənclər Şurasının illik iclası çərçivəsində "DİM fəaliyyətdə" tədbirinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.