Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Azərbaycanlılara niyə üç ay vaxt verilir? - "Gərək 250 milyondan çox insana güzəşt edək"

16 dek 2024, 15:20
Azərbaycanlılara niyə üç ay vaxt verilir? - "Gərək 250 milyondan çox insana güzəşt edək"

Azərbaycan və Gürcüstan qonşu ölkələr olsalar da, vətəndaşların hərəkəti ilə bağlı qanunlarda fərqlər mövcuddur.

Belə ki, Gürcüstan Azərbaycan vətəndaşlarına bir il müddətinə vizasız ölkədə qalmaq hüququ verir. Lakin Gürcüstan azərbaycanlıları Azərbaycana gələndə cəmi üç ay ərzində miqrasiya qeydiyyatı olmadan qala bilərlər. Bu müddət bitdikdən sonra isə onlar da digər əcnəbilər kimi, sənədləşmə prosesindən keçməlidirlər.

Bununla bağlı vətəndaş müraciəti daxil olub və sual olunur ki, niyə doğma vətəninə qayıdan soydaşlarımız ingilis, alman və ya hər hansı digər əcnəbi kimi 20-yə yaxın sənəd toplayıb miqrasiya qeydiyyatından keçməlidirlər?

Məsələyə aydınlıq gətirməyə çalışdıq.

Maraqlıdır, xarici ölkələrin vətəndaşı olan soydaşlarımızın burada, heç olmasa, bir il qeydiyyatsız qala bilmələri Milli Məclisdə müzakirə mövzusu ola və ya bu istiqamətdə hansısa qanun qəbulu ilə bağlı təklif irəli sürülə bilərmi?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli sorğuya cavab olaraq bildirdi ki, belə bir qanunun qəbul edilməsi mümkün deyil.

O qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, nəinki xarici ölkə vətəndaşlarının, o cümlədən xarici ölkə vətəndaşı olan azərbaycanlıların, hətta Azərbaycan vətəndaşlarının da yaşadıqları ünvan üzrə müvafiq qaydada qeydiyyata düşmələri zəruridir:

"Demək olar ki, dünyanın bütün ölkələrində nəinki bir il, hətta bir ay ərzində belə, yaşadığın ərazi üzrə qeydiyyata düşmədən qala bilməzsən. Azərbaycana gələn xarici ölkə vətəndaşları ölkəmizin ərazisində 15 gündən çox qalacaqları təqdirdə mütləq yaşadıqları ərazi üzrə qeydiyyata düşməlidirlər.

Amma söhbət Azərbaycana vizasız səfər etməkdən, müvəqqəti yaşayış izni almaqdan, yaxud iş vizası ilə təmin olunmaqdan gedirsə, burada vəziyyət bir qədər dəyişir.

Əvvəla, vizasız gediş-gəlişin şamil olunduğu konkret ölkələr var və onların sırasında Gürcüstan da yer alıb. İstənilən Gürcüstan vətəndaşı, digər ölkələrin vətəndaşları kimi, Azərbaycanda müvəqqəti yaşamaq üçün müvafiq qaydada dövlət orqanına müraciət edə bilər. Bunun üçün xüsusi qanunun qəbul edilməsinə, o cümlədən Konstitusiyanın təməl prinsiplərinə zidd olan yanaşmalara, daha dəqiq desək, selektiv münasibətə ehtiyac yoxdur".

"Dünyanın müxtəlif ölkələrində, o cümlədən qonşu dövlətlərin ərazisində, öz tarixi ata-baba yurdlarında yaşayan Azərbaycan türkləri, yaxud azərbaycanlılarla bağlı, onlara ölkəyə gediş-gəliş, dövlət qurumları ilə münasibət və digər hüquqlarla bağlı selektiv yanaşmanın tətbiqi və ya qanunvericilik səviyyəsində tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının, o cümlədən fundamental insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədlərin prinsiplərinə, xüsusilə də insan hüquq və azadlıqlarının fundamental prinsiplərindən sayılan bərabərlik hüququna və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) III və IV bəndlərinə ziddir.

Sözügedən maddənin III bəndində qeyd olunur ki, "Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

IV bənddə isə bildirilir ki, "heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz", - deyə E.Mirzəbəyli vurğulayıb.

E.Mirzəbəyli hesab edir ki, soydaşlarımıza vətəndaşlıqdan asılı olmayaraq güzəştlər edilməsi Konstitusiyanın bərabərlik prinsipinə ziddir. Politoloq fikrini onunla əsaslandırır ki, Azərbaycan Konstitusiyası irqi, etnik, dini və digər mənsubiyyət faktorlarına görə güzəşt və ya imtiyazların, insan və vətəndaş hüquqları kontekstində, yəni vətəndaşlıqdan asılı olmayaraq, tətbiqini qadağan edir:

"Bu, Konstitusiyanın imperativ tələbidir və mübahisə, müzakirə üçün yer qoymur. Bu baxımdan, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, insanlara etnik mənsubiyyətinə görə digərlərindən üstün mövqe tanıyan hüquqi-normativ aktların qəbulu mümkün deyil və Konstitusiyamıza ziddir.

Digər tərəfdən, hətta Konstitusiya normalarını da görməzdən gəlsək - mən bunun tamamilə əleyhinəyəm - və azərbaycanlılara etnik mənsubiyyətlərinə görə müəyyən üstünlük verən hüquqi-normativ qəbul etsək, o zaman bu hüquqların şamil edildiyi insanların sayı Azərbaycan vətəndaşlarından dəfələrlə çox olacaq.

Məsələn, Gürcüstanda yaşayan azərbaycanlıların sayı, bu ölkənin rəsmi statistikasına görə, 300 min nəfərdir. Təbii ki, real göstərici bundan dəfələrlə çoxdur.

Güney Azərbaycanda (İran İslam Respublikası) yaşayan soydaşlarımızın sayının 35-40 milyon olduğu bildirilir. İraq və Suriyada yaşayan türkmənlər də etnik azərbaycanlı sayılırlar. Yəni onlar da Azərbaycan türkləridir. Bu sıraya postsovet ölkələrində yaşayan azərbaycanlıları da əlavə etsək, ölkəmizin vətəndaşları istisna olmaqla, təxminən 50 milyon soydaşımıza xüsusi güzəşt və imtiyaz tanımalıyıq.

Nəzərə alsaq ki, biz türk dünyasının ayrılmaz bir parçasıyıq, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türklərlə soyumuz, kökümüz eynidir, o zaman soydaşlıq haqqında qanun qəbul ediləcəyi təqdirdə, bu qanunda nəzərdə tutulan güzəşt və imtiyazlar 250 milyondan çox insana şamil olunmalıdır".

"Qeyd edim ki, soydaşlarımızla bağlı, xüsusilə də onların ölkəmizdə təhsil almaları, ən istedadlılarının işlə təmin olunmaları, hətta vətəndaşlıq almaları ilə əlaqədar xüsusi proqramlar hazırlanıb həyata keçirilə bilər. Amma bunun qanunvericilik çərçivəsində baş verməsi, daha öncə qeyd etdiyim məqamlara görə, istisna olunur.

Bütövlükdə isə hazırda türk dövlətlərinin inteqrasiyası istiqamətində ciddi addımlar atılır. Şübhə etmirəm ki, prosesin indiki sürətlə inkişafı nəticəsində nə zamansa Türk Dövlətləri Təşkilatı hüquqi-siyasi aspektdən Avropa İttifaqı modelində bir təsisata çevriləcək.

Bir sıra region ölkələrinin də gələcəkdə bu prosesə qoşulması mümkündür. O zaman selektiv qanunlar haqqında düşünməyə də ehtiyac duyulmayacaq.

Nəhəng bir region insanların sərbəst hərəkət etməsi, yaşaması və işləməsi üçün açıq olacaq", - deyə E.Mirzəbəyli bildirib.