
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən qida məhsullarını açıqlayıblar.
Aparılan tədqiqatlar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, bir sıra ciddi problemlərin riskini artırır.
Liderxeber.az "Healthline" portalına istinadən xəbər verir ki, bu mövzu ilə bağlı mühüm tövsiyələr irəli sürülüb.
Ən faydalı məhsullar siyahısında antioksidantlar və antosiyaninlərlə zəngin olan giləmeyvələr xüsusi yer tutur. Araşdırmalar sübut edir ki, bu maddələr iltihabı azaltmağa və immun sisteminin fəaliyyətini gücləndirməyə kömək edir. Siyahıda, həmçinin orqanizmdəki iltihab markerlərinin səviyyəsini aşağı salan omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar da yer alıb.
Mütəxəssislər rasiona brokkoli, avokado, yaşıl çay, şirin bibər, göbələk və üzümün də daxil edilməsini məsləhət görürlər. Bu qidalar tərkiblərindəki zəngin antioksidantlar və iltihab əleyhinə təsir göstərən digər birləşmələr sayəsində orqanizm üçün olduqca faydalıdır.
Faydalı ədviyyatlar arasında xüsusilə kurkuma (sarıkök) vurğulanır. Bundan əlavə, soyuq sıxılma (extra virgin) zeytun yağı, yüksək kakao tərkibli tünd şokolad, pomidor və albalı da iltihab əleyhinə təsir göstərir.
Eyni zamanda mütəxəssislər xatırladırlar ki, müəyyən qida məhsulları müalicənin tam əvəzedicisi ola bilməz. Ən yüksək nəticə balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin vəhdəti ilə əldə edilir.