Bakı Təşəbbüs Qrupu (BTQ) "Oğurlanmış firavanlıq:
Müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub” adlı hesabat hazırlayıb. Hesabatda Fransanın müstəmləkə siyasətinin onun dənizaşırı ərazilərinə mənfi təsiri ətraflı təhlil edilir.
Liderxeber.az xəbər verir ki, hesabatda Fransanın bu regionlarında təbii sərvətlərin necə məhv edildiyi və istismar olunduğu göstərilir. Xüsusilə qeyd olunur ki, meşələrin qanunsuz qırılması, suyun çirklənməsi və Fransa hakimiyyətinin göz yumduğu digər ekoloji cinayətlər dənizaşırı ərazilərdə ətraf mühitin deqradasiyasına səbəb olur.
Hesabatın müəllifləri vurğulayırlar ki, qeyd olunan hərəkətlər dənizaşırı ərazilər üçün ciddi iqtisadi və sosial nəticələrə malikdir: həssas təbəqələrə ziyan vurur, yerli xalqların hüquqlarını pozur və biomüxtəlifliyin itirilməsinə səbəb olur.
Bundan əlavə, Fransanın müstəmləkə siyasəti mədəni kimliyi məhv edir və dənizaşırı ərazilərin yerli əhalisinin sayının azalmasına gətirib çıxarır.
Hesabatda vurğulanır ki, davamlı və ədalətli gələcəyə nail olmaq üçün müstəmləkəçiliyin bütün formaları, o cümlədən onun müasir təzahürü olan neomüstəmləkəçilik aradan qaldırılmalıdır.
"Demoqrafik vəziyyətə gəldikdə, dənizaşırı regionlarda əhalinin sayının azalması və doğum səviyyəsinin aşağı düşməsi insan kapitalının mümkün itkisi və gələcəkdə xarici pul köçürmələrindən asılılığın davam edəcəyindən xəbər verir", - sənəddə qeyd olunur.