HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın döyüş qanadının rəhbəri Muhəmməd Sinvar Qəzza zolağında hərəkatın yeni lideri olub.
Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər yayıb.
Bildirilir ki, Muhəmməd Sinvar HƏMAS-ın 2024-cü ilin oktyabrında həlak olmuş rəhbəri Yəhya Sinvarın kiçik qardaşıdır.
"Yeni lider qruplaşmanın dirçəldilməsi üçün fəal səylər göstərir, çünki onun döyüş imkanları İsrailin 2023-cü ilin oktyabrından Fələstin anklavında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ciddi şəkildə zəifləyib", - deyə mənbədən vurğulanıb.
Məlumata görə, Yəhya Sinvarın öldürülməsindən sonra Qətərdə yerləşən HƏMAS-ın siyasi ofisi yeni lider seçməyib və kollektiv rəhbərliyə keçməyi qərara alıb. Qəzza zolağındakı qruplaşmanın döyüşçüləri ona tabe olmaqdan imtina ediblər və indi Muhəmməd Sinvarın rəhbərliyi altında müstəqil fəaliyyət göstərirlər.
Bildirilir ki, o, hərəkatın silahlı qanadının 2024-cü ilin iyulunda İsrail zərbəsi nəticəsində həlak olmuş rəhbəri Muhəmməd əd-Deyfə yaxın olub.
Nəşrin məlumatına görə, Muhəmməd Sinvar çoxdan HƏMAS-a qoşulub və hazırda təxminən 50 yaşı var.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Muhəmməd Sinvar uzun müddət İsrail xüsusi xidmət orqanlarından gizlənə bilib və buna görə də "Kölgə" ləqəbini alıb.
İsrail hakimiyyəti hesab edir ki, Muhəmməd Sinvar 7 oktyabr 2023-cü ildə HƏMAS-ın yəhudi dövlətinə hücumunun və 2006-cı ildə İsrail hərbçisi Gilad Şalitin oğurlanmasının təşkilində iştirak edib. 2011-ci ildə Şalitin müqabilində İsrail həbsxanalarından Qəzza zolağına HAMAS-ın 1 027 tərəfdarı qayıdıb, onların arasında Muhəmməd Sinvarın böyük qardaşı Yəhya da olub.