Son Xəbərlər
Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros
Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı
Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin tarixində ilk dəfə olaraq
"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə
banner

Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"

06 yan 2025, 11:12
Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"

Türkiyənin son dövrlərdə mövqeyini gücləndirməsi, xüsusən də Yaxın Şərqdə nəzarəti ələ almaq istiqamətində mühüm addımlar atması və bu istiqamətdə Qərb ölkələri ilə daha yaxın əlaqələr qurub qüvvələr balansını dəyişməsi, həmçinin regionda strateji təsirini artırması Cənubi Qafqazda da bir neçə mühüm təsirə səbəb ola bilər.

Çünki regiona müdaxilə edən ölkələrin təsiri zəifləyərsə, bu, Azərbaycan üçün strateji üstünlüyü təmin edəcək və xarici müdaxilələrin azalması ilə sabit bir mühitin yaranmasına imkan verəcək. Bu da Azərbaycan üçün təhlükəsizlik, iqtisadiyyat və diplomatik sahələrdə müsbət nəticələr verə bilər.

Mövzunu şərh edən siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğu üçün onun güclü olması Azərbaycanın da güclü olması deməkdir:

"İki ölkə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə imza atıb. Bu baxımdan, Suriyada Türkiyənin faktiki mövqeyini möhkəmləndirməsi ilə Rusiya və İranın məğlub olması və Əsəd rejiminin devrilməsi Türkiyənin Cənubi Qafqazda da rolunun artmasına xidmət edir. Onsuz da, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra da Türkiyənin Cənubi Qafqazda mövqeləri möhkəmlənib. Əvvəl Türkiyənin bölgədə artan rolu Rusiya, İran və Qərb ölkələrini müəyyən qədər qıcıqlandırırdı, amma artıq Türkiyə bölgədə varlığını ortaya qoyandan sonra bu ölkələr onunla hesablaşmaq məcburiyyətindədir".

"Rusiya Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul edib, onu sıxışdırıb çıxara bilməz. İranın ümumiyyətlə əlindən heç nə əlindən gəlmir, ancaq Azərbaycana qarşı təxribatlarla məşğuldur. Amma bu təxribatlar Türkiyə-Azərbaycan müttəfiqliyini daha da gücləndirir. O ki qaldı Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələrinə, onların da Cənubi Qafqazda müəyyən maraqları var. Amma bu ölkələrdən hər hansı biri Azərbaycana qarşı siyasət yürüdürsə, bu, avtomatik Türkiyəyə qarşı da siyasətin yürüdülməsi anlamına gəlir və ya Türkiyəyə qarşı yürüdülən siyasət Azərbaycanın da maraqlarına toxunur. Ona görə Cənubi Qafqazda möhkəmlənmək istəyən dövlətlər istər-istəməz Türkiyənin bölgədəki maraqları ilə hesablaşmalıdırlar", - ekspert əlavə edib.

Türkiyəli analitik Engin Özer də bildirib ki, Suriyadakı proseslər Türkiyənin Yaxın Şərqdəki mövqeyini gücləndirib:

"Həm Suriyada baş verən proseslərdən sonra İran-Türkiyə münasibətlərinin soyuqlaşması, həm də Azərbaycanın İsraillə strateji tərəfdaşlığı Bakını İran üçün yenə də hədəfə çevirə bilər. Ona görə də Azərbaycan hava hücumundan müdafiə sistemini gücləndirməli, hərbi təhlükəsizlik tədbirlərini artırmalıdır. Lakin Türkiyənin mövqeyini gücləndirməsi Azərbaycana müsbət təsir edəcək. Bu, həm regional inkişaf, həm də Ermənistanla sülh sazişinin imzalanması üçün əhəmiyyətlidir".

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli siyasi tədqiqatçı Hasan Oktay açıqlamasında deyib ki, türk dövlətlərinin artıq öz ayaqları üzərində dayanması fonunda Bəşər Əsədin Rusiya tərəfindən himayə edilə bilməməsi geosiyasətdəki güc balansında Türkiyəni söz sahibi edib:

"1991-ci ildə Sovet İttifaqı dağılanda türk dünyasını nəzarətdə saxlamaq üçün Cənubi Qafqaz siyasəti Ermənistan üzərindən aparıldı. İndi bu rejim əldən çıxdığı üçün bu dəfə İran üzərindən hərəkətə keçmək istəyirlər. Amma sonrakı dövrdə manipulyator ölkələrdə də sistem dəyişikliyi olacaq və biz yeni bir türk dünyasının oyanışı ilə qarşılaşacağıq. Türkiyə yumşaq güc potensialı ilə bölgədə türklərə qarşı qurulan tələləri qırmaq üçün son dərəcə uğurlu imkanlar təqdim edir".