Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

“Dövlət içində dövlət” - Ermənistanı USAİD idarə edir?

23 avq 2024, 09:10
“Dövlət içində dövlət” - Ermənistanı USAİD idarə edir?

Avqustun 8-də İrəvanda hökumət nümayəndələri ilə Ermənistanın bir qrup qeyri-hökumət təşkilatlarının təmsilçiləri arasında görüş keçirilib. Müzakirə mövzusu “Dağlıq Qarabağdan köçkün düşmüş qadınların psixoloji -hüquqi ehtiyaclarının ödənilməsinə yardım göstərilməsi” olub.

Liderxeber.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

Ekspertin sözlərinə görə, tədbirdə Ermənistanın vətəndaş cəmiyyəti institutlarını təmsil edən  “Qadın Hüquqları Evi”, “İnklüziv Hüquq və İslahatlar Koalisiyası”, “Bərabər Hüquqlar Uğrunda”,  “Maddə 3” və digər  QHT-lər iştirak ediblər:

“Paradoksal görünsə də, keçirilən görüş Ermənistanın ictimai-siyasi mərkəzlərində rəğbət deyil,  narazılıq yaradıb.

Narazı tərəf iddia edir ki, 8 avqust görüşündə iştirak edən QHT-lər vahid şəbəkədə birləşirlər və Qərbdən idarə olunurlar. “Verelq.am” saytının dərc etdiyi “USAID - Ermənistanın boz kardinalı”  başlıqlı yazıda qeyd edir ki,  “Onlar zahirən erməni xalqını narahat edən aktual mövzuları müzakirə etmək adı ilə toplaşırlar. Amma mahiyyət etibarilə Qərbin maraqlarına uyğun gələn addımlar atırlar. Erməni xalqı üçün həssas olan Qarabağ mövzusunu da bu cür istismar edirlər”.

( https://verelq.am/ru/node/148837  )

Yazıda vurğulanır ki, 8 avqust toplantısı guya “Dəyişiklik” İctimai Birliyi adlı Ermənistan QHT-sinin vasitəçiliyi ilə təşkil edilib. Hansı ki, o göprüş  Amerikanın “Freedom House” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə baş tutub:

“Tədbir əsl reallıqda Ermənistan ərazisində Qərb liberal-demokratik düşüncəsi ilə işləyən qüvvələrin koordinasiya toplantısıdır. Bu təşkilatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və CİA-nın tapşırıqlarını icra edən USAID-in ümumi nəzarəti altındadırlar. CİA USAİD-i, o isə öz növbəsində “Soros  Fondu”nu, “Freedom House” təşkilatını və digərlərini istiqamətləndirir.

“Soros  Fondu”,  “Freedom House” qismində təşkilatlar isə Ermənistanın içində olan QHT-ləri idarə edirlər. Bu mexanizmlə Ermənistanda daxili siyasi hadisələrə təsir etmək üçün kifayət qədər təsir imkanı əldə ediblər. QHT adı ilə çoxlu  sayda tərəfdaşlar toplayaraq öz maraqları istiqamətində  yönləndirirlər”.

“VERELQ” İnformasiya və Analitik Mərkəzi İrəvanda yerləşir. Ermənistanın ictimai-siyasi və iqtisadi həyatında baş verən hadisələri, yeni tendensiyaları araşdırıb təhlil edir, bu yöndə informasiyalar yayır (https://verelq.am/ ).

Mərkəzin saytında qeyd edilir ki, o, “Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsində maraqlı olan bir qrup peşəkar jurnalist və ekspertlər tərəfindən yaradılıb”.  

Qurumun nəzarətində olan xəbər saytında 8 avqust görüşünə aid dərc edilmiş məqalədə qeyd edilir ki, 8 avqust görüşü faktiki olaraq Qərbə bağlı olan QHT-lərin öz proqramlarını hökumətə diktə etmək üçün keçirdikləri toplantıdır. Amma bunu Qarabağdan köçmüş qadınlara dəstək verilməsi adı altında keçirirlər. Fikri isbat etmək üçün görüşə qatılan QHT-lərin maliyyə asılılığında olduqları Qərb institutlarının adları da çəkilir. Məsələn, qeyd edilir ki,  “Qadın Hüquqları Evi” / “Qadın Resurs Mərkəzi” Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu) və  İsveç Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyəsi ilə fəaliyyət göstərir, onların tapşırıqlarını yerinə yetirir. Siyahıda adı keçən digər QHT-lərin hər biri haqqında bənzər məlumatlar verildikdən sonra, sayt bu cür asılılığın Ermənistan üçün yaratdığı fəsadlardan söz açır.

“VERELQ” İnformasiya və Analitik Mərkəzini narahat edən məqam odur ki, bu cür QHT-lər ABŞ və Avropa İttifaqının təsir agenti rolunda çıxış edirlər: “QHT adı ilə fəaliyyət göstərən bu təsir  agentləri erməni xalqının ən müqəddəs dəyərlərini də  hədəfə alırlar. Hətta Erməni Apostol Kilsəsini də tənqid edirlər. Erməni özünüdərkinin və özünüqorumasının özəyi olan Kilsəni gözdən salaraq, cəmiyyətin etimadını azaldırlar. Milli ideologiyadan məhrum edilən cəmiyyəti  öz maraqları naminə istədikləri istiqamətə aparırlar. Qərb dəyərlərinə və həyat tərzinə keçidi təbliğ edtmək adı ilə cəmiyyətdə radikal feminiz əxlaqını tətbiq edirlər”.

USAİD Ermənistanda “Dövlət içində dövlət” qurub.

Ermənistanda  “VETO hərəkatı” da Qərbin “donor” institutlarını siyasiləşmiş mərkəzlər adlandırır. USAİD və   “Soros Fondu”na qarşı çıxır. Hərəkat təmsilçiləri Soros Fondunun  İrəvandakı  ofisi qarşısında etiraz aksiyası da keçiriblər. Aksiyanın sonunda verilmiş bəyanatda qeyd edilir ki,"Soros Fodnu Açıq Cəmiyyət İnstitutu) faktiki olaraq  “dövlətin içində dövlət” kimi davranır: “Fond uzun illər ərzində Ermənistanda  antimilli və antidövlət düşüncəli insanları toplayaraq maliyyələşdirib, xarici agent şəbəkəsi yaradıb.

CİA və USAİD-lə müştərək hərəkət edən fond  Ermənistanda formalaşdırdığı QHT şəbəkəsi vasitəsilə ölkədəki vəziyyətə təsir göstərir.  Ermənistanda liberal cəmiyyət formalaşdırmaq adı altında Qərbdən idarə olunan cəmiyyət yaradır. “Liberal erməni cəmiyyəti” tarixi köklərindən qopmuş, kosmopolit düşüncəli cəmiyyət olacaq. Belə cəmiyyəti Qərbin geopolitik siyasətində alət kimi istifadə etmək üçün formalaşdırırlar”.

USAİD dünyada inkişafı deyil, xaosu stimullaşdırır.

Erməni KİV-ləri bu məqalələri öz cəmiyyətləri üçün, milli maraqlarını qorumaq  kontekstində yazıblar. Amma məqalədə yer tutan ideyalar Ermənistan sərhəddini aşır. Qeyd edilən KİV-lərdə USAİD,  “Soros Fondu” (Açıq Cəmiyyət İnstitutu), “Freedom House” barədə yazılanları oxuyanda, gözümüzün qarşısında tanış mənzərə canlanır. ABŞ və Qərb ölkələrinə bağlı siyasi  mərkəzlərin Ermənistanı öz əllərində saxlamaq üçün tətbiq etdikləri mexanizm spesifik  deyil. Bu metod uzun illər əvvəl hazırlanıb, dünyanın bir çox ölkələrində sınaqdan çıxarılıb. İndi də Ermənistanı əldə saxlamaq, onun fonunda Cənubi Qafqaza nəzarət etmək üçün istifadə edilir. 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) təqribən 27 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük “yardım təşkilatıdır”. Quruluş məramnaməsində qeyd edilir ki, o,  xarici  ölkələrdə mülki-humanitar yardımların çatdırılmasını, həmçinin, demokratik inkişafı hədəfləyən  proqramların icrasını reallaşdıran təsisatdır. ABŞ Konqresi tərəfindən  “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən  layihələr  USAİD vasitəsilə icra edilir.

Amma təcrübə göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalarla, demokratik inkişafı ehtiva edən proqramlarla deyil, siyasi proseslərə açıq müdaxilə etməsi, hakimiyyət çevrilişlərinə dəstək göstərməsi ilə məşhurdur. ABŞ xarici yardım siyasətinin rəsmi komponenti kimi qurulan  USAID son hərəkətləri ilə daha çox Dövlət Departamentinin və  Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırıqlarının icraçısı rolunda görünür. ABŞ-nin  hədəfində olan ölkələrdə fəlakətlər törədir.

Problem ondadır ki, USAİD özünün bütün bu əməllərini “demokratiyaya dəstək vermək” adı altında gerçəkləşdirir.  ABŞ-nin siyasətinə boyun əyməyən dövlətlərin vətəndaş cəmiyyəti institutlarını “qrantlar vermək”lə ələ alır. Reallıqda isə onları maddi vəsaitlə şirnikləşdirib legitim hakimiyyətlərə qarşı ictimai etimadsızlıq göstərməyə sövq edir.

Bu kontekstdə USAİD-in imkanları hədsiz dərəcədə genişdir. Təkcə 2023-2025-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək” adı altında  USAİD 9  milyard dollardan çox  vəsait sərf edibdir. “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında milli siyasətə müdaxilə edib, cəmiyyətlərdə  qarşıdurma yaratmağa çalışıb.

Faktlar sübut edir ki, ABŞ  II  Dünya müharibəsindən sonrakı 80 il ərzində Avropa məkanında, o cümlədən, ümumilikdə dünya miqyasında öz hegomonluğunu təmin etmək üçün bu mexanizmdən faydalanıb.  “Humanitar yardım göstərmək”, “demokratik inkişafı dəstəkləmək” adı ilə çoxsaylı “donor institutlar” və “QHT şəbəkələri” formalaşdırıb. ABŞ-ın hansı regionda maraqları təhlükəyə düşürsə, həmin “donor institutlar” və  peyk “QHT-KİV şəbəkələri” aktivləşirlər. Milli hökumətləri fakt qarşısında qoyaraq, güzəştlərə sövq edirlər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-da tam bir dövlət mexanizmi yaradılıb. USAID, NED, Marşall, İREX və digər “beynəlxalq donorlar” məhz bu proqramın icraçıları olaraq meydana çıxarılıblar.

Ayrı-ayrı ölkələrdə yüzlərlə “milli QHT və KİV”lər  vardır ki, öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edirlər; okeanın o tayından gələn tapşırıqları qeyd-şərtsiz yerinə yetirirlər. Afrika , Asiya , Yaxın Şərq,  Latın Amerikası və  Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında USAİD-in iştirakı görünür.

ABŞ administrasiyası 2021-ci ilin dekabr ayıda keçirilən qalmaqallı “Demokratiya sammiti” çərçivəsində yeni strategiya qəbul edib. Bu sənədlə USAID,  “jurnalistlər”,  “QHT-lər”, “hüquq müdafiəçiləri” üçün yeni imkanlar yaradılıb.

Strategiyadan aydın olur ki, ABŞ  USAİD vasitəsilə xarici  ölkələrə nəzarəti gücləndirmək niyyətindədir.  USAID -in “Qlobal Hesabatlılıq Proqramı” vasitəsilə müxtəlif ölkələrdə ABŞ tərəfdarları olan QHT/KİV-lərə əlavə vəsaitlərin çatdırılması üçün layihələr icra olunacaq. Bu layihələrə QHT və KİV-lərlə yanaşı, “araşdırmaçı jurnalistlər”, “hüquq müdafiəçiləri” də cəlb ediləcəklər. Nəticə çıxır ki, ABŞ-ın donor institutlarının dünyada yaratdığı xaos səngiməyəcək, əksinə, daha da genişlənəcək.

Bizim üçün narahatlıq doğuran hal budur ki, Cənubi Qafqazda ayrı-ayrı dövlətlər deyil, ümumilikdə region ABŞ-nin hədəfinə çevrilib. USAİD və onun şəbəkəsi son 30 il müddətində Cənubi Qafqaz regionuna daxil olan dövlətlərdə də fəaliyyət göstərib. Regionda  geopolitik durumun mürəkkəbləşdiyi indiki zamanda USAİD öz şəbəkəsini aktiv hala gətirib. Proseslərə təsir etmək, Cənubi Qafqazı ABŞ-nin təsir dairəsinə salmaq istəyir. Azərbaycan və Gürcüstanda təsir imkanları zəiflədiyi üçün əsas diqqətini Ermənistan üzərində toplayır.

Gürcüstan və Azərbaycan proses üçün önləyici addımlar atıblar. Ermənistanda isə nəinki ayrı-ayrı QHT və KİV-lər, bütövlükdə hökumət USAİD-in alətinə çevrilib. Hazırda Ermənistanda “Sorosun uşaqları” adlandırılan komanda hakimiyyətdədir. Ermənistandakı ictimai-siyasi mərkəzləri narahat edən də budur ki, mövcud hakimiyyət  komandası nəinki Cənubi Qafqaz regionunu, hətta Ermənistan xalqını da ABŞ-nin detektivlərinə qurban edir”.