Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yenilənib

02 apr 2025, 15:21
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yenilənib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Liderxeber.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

***

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.