Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Prezident Azərbaycan xalqını təbrik etdi

18 mar 2025, 17:57
Prezident Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Liderxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.

Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!”