Liderxeber.az / “Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb” - Yenilənib

“Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb” - Yenilənib

“Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb” - Yenilənib

“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və 129,1 milyard manat təşkil edib. 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsul artaraq 12,6 min manat olub”. 

Liderxeber.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasında bildirib.

Nazir bildirib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 mlrd. manat çoxdur. “Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb”, - deyə S.Babayev qeyd edib. 

Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı 9,3 faiz artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.

Nazir, həmçinin cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatlarının 85,1 milyard ABŞ dolları təşkil etdiyini bildirib: “Məcmu valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyib, 2025-ci ildə istehsal olunan ÜDM-in isə 112,1 faizinə bərabər olub. Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır”.

S.Babayev 2025-ci ildə “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 faiz artım olduğunu qeyd edib.

***

Sahil Babayevin sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 milyon manat çox icra olunmaqla, 20,4 milyard manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü ilin göstəricisini 756 milyon manat üstələyib: “Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz bəndi artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitin 12 milyard manatı və ya 73,4  faizi qeyri-neft, 4,4 milyard manatı və ya 26,6 faizi neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub.

Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14,5 milyard manat transfer edilib”.

Maliyyə naziri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb.

O bildirib ki, ayrılan vəsaitin 4 milyard manatı infrastruktur təyinatlı layihələrin, 440 milyon manatı sosial təyinatlı layihələrin, 10 milyon manatı müdafiə və hüquq-mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

Bu gün, 12:36
Geriyə